“Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli -70” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademikin kitablarından ibarət sərgiyə baxıblar.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Hüseyn Həşimli çıxış edərək yubilyarı təbrik ediblər.
Bildirib ki, akademik İsa Həbibbəyli görkəmli pedaqoq, ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, istedadlı ədəbi tənqidçi, publisist, şair və yazıçı-dramaturqdur, o, 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. 2013-cü ildən etibarən AMEA-nın vitse-prezidentidir. O, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Konfransda görkəmli alimin Azərbaycan elmi mühitinin inkişafındakı özünəməxsus rolu təhlil edilib. Bildirib ki, akademik İsa Həbibbəyli 1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1997-ci ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2003-cü ildə həqiqi üzvü seçilib. Alim müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafik tədqiqatın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 1000-dən çox elmi məqalənin, 27 broşuranın müəllifi, 46 kitabın tərtibçisi, çoxsaylı kitabların redaktoru və elmi məsləhətçisidir. Onun əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Litva, Şimali Kipr, Gürcüstan, Türkmənistan kimi ölkələrdə nəşr edilib. Akademik İsa Həbibbəyli beynəlxalq səviyyəli qurultay, simpozium, konfranslarda aktual mövzularda məruzələrlə çıxış edərək Azərbaycan elmini yüksək səviyyədə təmsil edir.
Qeyd olunub ki, akademik İsa Həbibbəyli XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı nümayəndələrinin, bir çox görkəmli yazıçılarımızın irsinin tədqiqatçısıdır. O, “Cəlil Məmmədquluzadənin keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırıb.
Görkəmli alim dövlət və vətən qarşısında xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. Akademik İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. İsa Həbibbəyli 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını alıb. 2019-cu il oktyabrın 15-də akademik İsa Həbibbəyli prezident İlham Əliyevin sərəncamı ilə I dərəcəli “Vətənə xidmətə” görə ordeni ilə təltif olunub.
Qeyd olunub ki, bu il görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən bu münasibətlə Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən görkəmli akademikin 70 illik yubileyi müxtəlif tədbirlərlə qeyd edilir
Yubilyara Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəxri fərmanı təqdim olunub.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezdenti, akademik İsa Həbibbəyli çıxış edərək elmi-ictimai fəaliyyətinə və yaradıcılığına verilən qiymətə görə Ölkə Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Konfransda akademikin elmi pedaqoji və ictimai fəaliyyətindən bəhs edən film də nümayiş olunub .
Novruz Məmmədov