Naxçıvanın brend məhsulları dünyada tanınır - FOTOLAR

A- A A+

Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü alətlərindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı mövcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır. Bunun nəticəsidir ki, brendləri olan ölkələr nəinki xarici turistləri cəlb edir, həmçinin onun məhsulları rəqabət mübarizəsində güclü dəstək əldə etmiş olur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hazırda muxtar respublikada əmtəə nişanları, onların hüquqi təminatı, keyfiyyət standartlarına uyğunluğu, reklamı, ixracı bir sıra qanunvericilik aktları ilə, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında”, “Reklam haqqında”, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Dünya bazarında Naxçıvan məhsulu haqqında məlumatlılığın artırılması, keyfiyyətli yerli məhsulların ixracının stimullaşdırılması, yerli brendlərin beynəlxalq standartlara cavab verməsinin təmin olunması bu gün prioritet istiqamətlər sırasındadır. Hazırda yerli şirkətlərin getdikcə artması onları rəqiblərdən fərqlənmək, istehlakçıların diqqətini çəkmək və şüurlarında yer qazanmaq üçün çalışmağa vadar edir. Nəticədə şirkətlər brend siyasəti yürütməklə bazarda daha çox paya sahib olmaq üçün mübarizə aparırlar. Məhsul istehsalı və xidmət sahəsində uğurlu və uzunmüddətli brend siyasətini aparan və beləliklə artıq yaddaşlarda qalan bir çox Naxçıvan nümunələri formalaşmışdır ki, bunların da sırasında “Sirab”, “Badamlı”, “Naxçıvan duzu”, “Naxçıvan göycəsi” və digərlərinin adlarını çəkmək olar.

Cari ilin ötən dövrü ərzində muxtar respublikadan Türkiyə, Gürcüstan, Rusiya, İran, İraq, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Qırğızıstan, İspaniya, Belarus, Litva, Əfqanıstan və digər ölkələrə mineral sular, daş məhsulları, vafli və peçenelər, plastik borular və digər tikinti ləvazimatları, tütün məmulatları, ziynət əşyaları, alüminium külçələr, meyvə-tərəvəz məhsulları ixrac olunub.

Sevindirici haldır ki, muxtar respublikanın ixracında ənənəvi məhsullarımızla yanaşı yeni məhsullar (siqaret məmulatları, plastik tikinti materialları, zinyət əşyaları, üzüm), həm də yeni ixrac istiqamətləri  (ABŞ, İspaniya, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Əfqanıstan kimi ölkələr) qeydə alınıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğinə, yerli məhsulların ixracının stimullaşdırılmasına və xarici bazarlarda tanıdılmasına şərait yaradır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi olaraq mütəmadi olaraq  sahibkarların beynəlxalq tədbir, biznes forum, sərgilərdə və ixrac missiyalarında iştirakı təmin edilib.

Hazırda Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəlidir. Sahibkarların dünya biznes mühiti ilə əlaqələrini daha da genişləndirmək məqsədilə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilib. Cari ilin ötən dövrü ərzində ölkə daxilində və 10 хаrici ölkədə kеçirilən 25 beynəlxalq tədbirdə 101 sahibkarlıq subyektinin 102 nümayəndəsinin iştirakı təmin edilib. Muxtar respublikada istehsal olunan ərzaq məhsulları Almaniya Federativ Respublikasında keçirilən “Green Week” və “Anuga-2019”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood”, Rusiya Federasiyası “World food” beynəlxalq sərgilərdə və Türkiyə Respublikasında təşkil  edilmiş müxtəlif sərgilərdə nümayiş olunub. 

Qeyd etmək lazımdır ki, bu il fevralın 11-dən 15-dək Moskva şəhərində keçirilən “Prod Expo” Beynəlxalq ərzaq sərgisində “Ləzzət Qida Sənaye” MMC tərəfindən istehsal olunan vafli məhsulları “Ən yaxşı məhsul-2019” qızıl mükafata layiq görülüb, bu da muxtar respublikada istehsal olunan qida məhsullarının yüksək keyfiyyətə malik olmasının bariz nümunəsidir.

İstehsal olunan məhsulların xarici bazarlara çıxışını təmin etmək və regionun ixrac potensialını artırmaq istiqamətində atılan addımlardan biri də xaricdə Ticarət Evlərinin yaradılmasıdır. Hazırda  Riqa, Varşava, Minsk, Kiyev kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində muxtar respublikada istehsal olunan unlu-qənnadı məhsullar və mineral sular nümayiş olunur. Türkiyənin İğdır şəhərində yeni yaradılan Naxçıvan Ticarət Evinin istifadəyə verilməsi sahibkarlar tərəfindən istehsal olunan məhsulların təşviqi və satışına, iş adamları arasında işgüzar görüşlərin təşkilinə, ticarət sövdələşmələrinin aparılmasına və əlaqələrimizin inkişafına şərait yaradacaqdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: