Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbov 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edib. Bu istiqamətdə aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb. Bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar bu sahənin inkişafını stimullaşdırıb, istehlak bazarının sabitləşməsinə nail olunub, son illərdə dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 299 heyvandarlıq, 85 quşçuluq, 14 balıqçılıq, 121 arıçılıq, 66 bağçılıq, 9 üzümçülük təsərrüfatı yaradılıb. Bu fakt da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına geniş imkanlar açıb.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 39 ailə təsərrüfatına 381 min 400 manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. Nəticədə təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb.
Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 74 mini ötüb, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar arıçılıqla məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi ön plana çəkilib. Arıçılara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, damazlıq təsərrüfatının yaradılması da diqqətdə saxlanılıb.
2019-cu ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılığın inkişafı istiqamətində 11 layihəyə 125.700 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilib.
Bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 190 ailə təsərrüfatında monitorinqlər aparılıb və 90 ailə təsərrüfatının fəaliyyəti qənaətbəxş hesab edilərək, onlara dövlət maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu da yerlərdə yeni iş yerlərinin açılması, məşğulluğun və əhalinin gəlirlərinin artırılması deməkdir.
Ötən müddət ərzində ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işlər həyata keçirilib. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan Biznes Mərkəzinin nəzdində taraların satışı mağazası istifadəyə verilib, 280 ailə təsərrüfatı 11 mindən çox tara ilə təmin olunub.
Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 120 çeşiddən çox məhsulunun nümayişi təmin olunub.