Məktəbin qarşısında duran vəzifə

A- A A+

Cəmiyyətin və vətəndaşın formalaşmasında ən önəmli yeri sözsüz ki, məktəb tutur. Məktəb geniş mənada gələcək üçün ən mühüm bazanı yetişdirən bir sahədir. Azərbaycan xalqının ta qədimdən kütləvi şəkildə öyrənməyə, oxumağa olan meyli hələ əsrlər əvvəl bu vacib sahəni cəmiyyətimizə gətirib. Yaşı min illərə dayanan nağıllarımızda, 12-13-cü əsrlərdə qələmə alınan poemalarda, müxtəlif yazılarda Azərbaycan insanının məktəb düşüncəsi, pedaqoji bilikləri öz əksini tapır. İstər Nizami, istərsə də digər mütəfəkkirlərin əsərlərində gənclərin məktəbə getməsi, burada hətta oğlanlarla qızların birgə təhsil alması aydın şəkildə təsvir olunur. Bu isə qeyd etdiyimiz kimi, xalqımızın oxumağa, məktəbə olan marağının tarixindən xəbər verir. Son illər ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da təhsilə göstərilən dövlət qayğısı göz önündədir. Artıq muxtar respublikanın demək olar ki, bütün kəndlərində ən müasir avadanlıqlar, qurğular, imkanlarla əhatə olunan məktəblər inşa edilib. İndi ən ucqar dağ kəndlərində uzaqdan baxanda və ya  yaxınlaşanda ilk diqqəti çəkən məhz yaraşıqlı məktəb binaları olur.

Bu günlərdə Şərur rayonunun Muğanlı kəndində də yeni və müasir, 224 yerlik məktəb binası istifadəyə verildi. Yeni məktəb binası təkcə kənd sakinlərinin deyil, hər bir müəllimin, şagirdin arzusudur. Çünki yeni məktəb səliqə-sahmanla yanaşı, keçirilən dərslərə, modern dünyanı daha yaxşı dərk etmək üçün verilən biliklərə müasir avadanlıqlarla yanaşmadır. Məktəb təkcə bilik, savad vermir, eyni zamanda şagirdlərin nümunəsində gələcək üçün kamil insan, cəmiyyəti quracaq vətəndaş hazırlayır. Elə gələcəyimizin məsuliyyətini daşıdığı üçün də müəllimlik peşəsi xalq arasında həmişə sayğı və hörmətlə qarşılanıb. Amma o da faktdır ki, məktəb həm də gələcəkləri üçün uşaqlara, yeniyetmələrə istiqamət verən bir tərbiyə ocağıdır. Məktəb gəncləri təkcə ali təhsil ocaqları üçün yetişdirmir, onları həm də müstəqil həyata hazırlayır. Müstəqil həyatda onların seçdikləri yolu isə məktəbdə qazandığı biliklər təyin edir. Birmənalı şəkildə qəbul edilməlidir ki, məktəbdə vətəndaş tərbiyə olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur rayonunun Muğanlı kəndində yeni inşa edilən orta məktəb binasının açılışında maraqlı bir məqama toxundu. Müəllimlərlə görüşən Ali Məclis Sədri vurğuladı: “Gənclərin müxtəlif peşə sahələrinə yönləndirilməsi məktəbin qarşısında duran əsas vəzifədir. Çünki məktəbi bitirən hər bir gənc mütləq bir peşə sahibi olmalıdır. Bu gün muxtar respublikanın bütün ərazisində internetə çıxışın təmin edilməsi, “Evədək optika” layihəsinin icrası həm də gənclərin hərtərəfli inkişafına hesablanmışdır.  Dərslərin qavrama yolu ilə öyrədilməsi şagirdlərin intellektual inkişafında vacib məsələdir. Muğanlı kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər”.

 Doğurdan da, dünyanın bugünkü mənzərəsinə baxanda sivil ölkələrdə bu istiqamət prioritet sayılır. Hər bir vətəndaşın öz peşəsini mükəmməl bilməsi üçün mütləq onun orta məktəb səviyyəsində biliyi və savadı olmalıdır. Sənət və peşə seçimi hər bir gəncdə fərdi şəkildə aşılanmalıdır. Məktəbdə müəllimlər yeniyetmələrin hansısa bir sahədə bacarığını və istedadını daha tez aşkara çıxarma imkanına malikdirlər. Nəticədə isə düzgün peşəyə istiqamətlənən gənc cəmiyyət üçün daha faydalı bir vətəndaşa, öz ixtisasının isə ustasına çevrilir. Bu gün sürətlə inkişaf edən ölkəmizdə bizə yaxşı həkim, müəllim, elm adamı ilə yanaşı texniki işləri bacarıqla yerinə yetirən mütəxəssislər də lazımdır.

O da danılmaz faktdır ki, orta məktəbdə şagirdlərin heç də hamısı dərsi yaxşı oxumağa meylli olmurlar. Bu təbii ki, onların məktəbdənkənar mühitdə, ailədə  aldığı tərbiyə və təsirlərlə əlaqəli olur. Belə ki, valideynləri müxtəlif təsərrüfat sahələrində çalışan və peşə ilə məşğul olan yeniyetmələr onların bu ailə ənənələrini davam etdirməyə meylli olurlar.  Əslində isə heç kəs qabiliyyətsiz və bacarıqsız doğulmur. Tanrı hər kəsə bir sahədə istedad və bacarıq verir. Sadəcə onu vaxtında və düzgün olaraq təyin edib ortaya çıxarmaq lazımdır. Yəni hədəf vətənpərvər insan tərbiyə etmək olmalıdır.  

Amma bu heç də o demək deyil ki, şagird orta məktəb həcmində ona verilən biliklərə yiyələnməsin! Şagirdin vəzifəsi ibtidai və yuxarı siniflərdə keçirilən dərsləri mənimsəməkdir. Əks halda gələcəkdə  istənilən sahədə onun üçün çətinlik yaranar. Fikrimi şəxsi təcrübədən irəli gələn maraqlı bir məqamla aydınlaşdırım. 1990-cı ildə Almaniyada Sovet ordusunun tərkibində əsgər kimi xidmət edirdim. Etiraf edim ki, ilk dəfə müasir televizorun uzaqdan idarəetmə pultunu da o zaman görmüşdüm. Onun necə işləməsi mənim üçün  maraqlı idi. Bu zaman yanımda Rusiyadan olan və sürücü kimi xidmət edən əsgər onu mənə izah elədi. Hətta fizikada şüanın sınma qanunu və digər məsələlərlə bağlı  düsturları belə yazıb cavablarını göstərdi. Mənim: -Sən ki belə savadlısan, niyə ali məktəbə daxil olmamısan?- sualıma , -Mən uşaqlıqdan sürücü olmaq istəmişəm, ona görə. Oxuduğumuz sinifdə 30 nəfərdən 27-si orta məktəbi medalla bitirdi. Mən də həmçinin, ancaq 3 nəfər ali təhsil dalınca gedib. Qalanlarımız müxtəlif peşələri seçdik. Mən də sürücü oldum. Yaxşı təhsilim isə mənə mane olmur- kimi tam məntiqli bir cavab verdi.

Təbii ki, gələcəkdə istər ali təhsil aldığı müddətdə, istərsə də seçdiyi digər peşələrdə yaxşı oxuyan şagird üçün bu biliklər yetərincə köməkçi və yol yoldaşı olacaq. Buna görə də məktəbdə müəllimlər şagirdlərin təkcə ali təhsil istiqaməti deyil, həm də  düzgün peşə seçməsində də maraqlı olmalıdırlar. Onlara yalnız öyrədən müəllim kimi deyil, hərtərəfli tərbiyədə xüsusi rolu olan pedaqoq kimi yanaşmalıdırlar. Bu sağlam, iqtisadi cəhətdən uğurlu bir cəmiyyətin yetişməsi deməkdir. Bir də müəllimi bağbanla müqayisə  edirlər. Şagirdlər də fidan kimidirlər, onlara necə qulluq göstərilərsə, necə tərbiyə edilərsə, gələcəkdə elə o cür də cəmiyyətə və müəllimlərin özlərinə qayıdarlar!

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: