Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası işini günün tələblərinə uyğun şəkildə davam etdirir.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində 691 halda hüquqi və 944 halda fiziki şəxslər tərəfindən daxil olmuş 72 mal çeşidini əhatə edən 840 halda səyyari və 1635 halda mal nümunəsi laboratoriya analizindən keçirilib, aparılmış laboratoriya təhlilləri, əsasən 1281 yerli istehsal məhsullarını və 354 idxal məhsullarını əhatə edib. Nəticədə, 1629 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 6 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-yə, “Naxçıvan Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-yə, “Cahan Tabak Beynəlxalq” MMC-yə, “Miraj Gold” MMC-yə, “Cahan Pen” MMC-yə, “Cahan İnşaat” MMC-yə, “Dizayn İnşaat” MMC-yə, “Babək Sirab” ASC-yə, “Gəmiqaya Mineral Sular” MMC-yə, “Cahan Sənaye Kompleksi” MMC-yə “Naxçıvan Sement Zavodu” MMC-yə müvafiq mənşə sertifikatları verilib. 2019-cu ilin 9 ayı ərzində 63 halda mənşə sertifikatının verilməsi təmin edilib. Bunlardan 31 ədəd CT-1 formalı, 28 ədəd ümumi formalı və 4 ədədi isə A formalı mənşə sertifikatlarıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasında qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir.