Babək rayonu dünən və bu gün - FOTOLAR
BİR QƏRARIN SİRRİ
Babək rayonu ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılıb. Məhz bu uzaqgörən siyasətçinin təşəbbüsü və göstərişi ilə 1978-ci il oktyabrın 23-də yeni bir inzibati ərazi vahidi –Babək rayonu təşkil olundu. Sovetlər Birliyi dövründə təşkil olunan yeni rayona sosializm cəmiyyəti qurucularının adları deyil, Azərbaycanın xalq qəhrəmanı Babəkin adı verildi. Ötən əsrin 70-ci illərində belə bir tarixi qərarı reallaşdırmaq isə yalnız Heydər Əliyev kimi iradəli, qorxmaz, daim azərbaycançılıq mövqeyindən çıxış edən bir şəxsiyyətə nəsib ola bilərdi. Bu, milli yaddaşın,təfəkkürün bərpası,eləcə də tarixi keçmişimizə ulu öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin ifadəsi idi. Rayonun yaradılması istiqamətində ilk addımlardan biri rayon mərkəzinin seçilməsi idi. Bunun üçün ilkin olaraq Naxçıvan şəhərindən 6 kilometr cənub-şərqdə yerləşən ərazi əvvəllər “Təzəkənd” adlanan yer yeni yaradılan Babək rayonunun mərkəzi hesab olundu və bura Babək qəsəbəsi adı verildi. Yarandığı gündən dahi şəxsiyyət Heydər Əliyevin himayəsi və qayğısı ilə əhatə olunan Babək rayonunda başlayan təşkilatlanma və inkişaf yolu ümummilli liderimizin Sovetlər Birliyi rəhbərliyindən uzaqlaşdırılması ilə sona çatdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində isə bu proses daha da sürətləndi. Ölkəmizdə yaranan xaos, özbaşınalıq, gərgin ictimai-siyasi vəziyyətin fonunda rayonun ucqar dağ və sərhəd kəndləri tez-tez erməni basqınlarına məruz qalırdı. Belə bir tarixi şəraitdə isə hansısa yenilikdən, tərəqqidən danışmaq olmazdı. Həmin illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən dahi şəxsiyyət Heydər Əliyevlə həmrəy olan babəklilər və ölkəmizin digər yerlərindən olan eloğlular “yumruğu bir nöqtəyə vurmağı” bacardılar və düşmən həmlələrinə tutarlı cavab verdilər. Ulu öndərin rəhbərliyi ilə Naxçıvan qorundu, bugünkü güclü,qüdrətli, müstəqil Azərbaycanın təməl daşları da məhz bu torpaqda atıldı.
Müstəqillik illərində Babək rayonu da sürətlə inkişaf edərək muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm yer tutdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 30 və 40 illiyinin qeyd olunması haqqında” müxtəlif vaxtlarda imzaladığı Sərəncamlar ulu öndər Heydər Əliyevin yadigarı olan Babək rayonunun inkişaf salnaməsinin yazılmasına şərait yaradan mühüm dövlət sənədləridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamında deyilir:“Babək rayonu muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Rayonda müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafını təmin etmişdir.”
Rayon qısa zamanda Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilib. İndi Babək rayonu Naxçıvanın energetika və sənaye mərkəzlərindən birinə çevrilib. Mühüm bir faktı qeyd edək ki, bu gün muxtar respublikadakı 9 elektrik stansiyasından 4-ü məhz Babək rayonunun ərazisindədir.Bu, zamanında zülmət qaranlığa qərq olan Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, sənayenin də dinamik inkişafının nümunəsidir. Ötən dövr ərzində Babək rayonunda sənaye yönümlü 29 layihənin maliyyələşdirilməsinə 3 milyon 756 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. 2018-ci ildə muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun 12 faizi məhz Babək rayonunun payına düşüb.Bu gün Babək rayonunda istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunur, öz dad-tamı və keyfiyyəti ilə seçilir. Eyni zamanda emal və sənaye sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına, əhalinin maddi-rifah halının yaxşılşmasına,daxili bazarda yerli məhsulların çəkisinin artmasına da səbəb olub.
Bu gün Babək rayonunda kənd təsərrüfatının dinamik inkişafı da təmin edilib.Rayonda məhsuldar torpaqların çox olmasının nəticəsidir ki, bu yurdun zəhmətkeş insanları bir qarış torpağı belə boş qoymur. Sahələrdən yüksək məhsul əldə edən babəklilər bunun əsas səbəbini rayon ərazisində meliorasiya işinin yaxşılaşdırılamasında və aqrar sahəyə dövlətin dəstəyində görürlər. Buna görə də 2018-ci ildə muxtar respublikada kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi yaxud 95 milyon 403 min manatı Babək rayonunun payına düşüb. Bundan başqa, ötən il ərzində rayonda kənd təsərrüfatı yönümlü 10 layihə reallaşdırılıb.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqlik Babək rayonunun kəndlərinə də yeniləşmə, müasirləşmə, sabitlik gətirib.
Artıq yerləşdiyi coğrafi mövqedən asılı olmayaraq, Babək rayonunun kəndlərində də sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Son illər də rayonda təhsil ocaqları, səhiyyə obyektləri, inzibati binalar tikilərək və ya əsası yenidən qurularaq istifadəyə verilib. Bu gün Babək rayonunda fəaliyyət göstərən mədəniyyət evi, muzeylər, kitabxanalar musiqi məktəbi və xalq teatrı da mədəni həyatın canlanmasından xəbər verir.
Əhalinin sağlamlığının keşiyində duran və müasir standartlara cavab verən mərkəzi xəstəxana, kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları və digər sağlamlıq mərkəzlərində peşəkar həkimlər və orta tibb işçiləri çalışır. Bir sözlə, yaşayış məntəqələrinin abadlaşdırılması sakinlərin torpağa daha sıx tellərlə bağlanmasına, zamanında ucqar dağ və sərhəd kəndlərini tərk edib gedənlərin yenidən doğma od-ocağa qayıtmalarına səbəb olub.
Bu gün rayon ərazisində rahat, müasir standartlara tam cavab verən yolların olması istehsal olunan məhsulların rahat daşınaraq istehlakçılara tez çatdırılmasını, turizmin inkişafını təmin edir. Yeri gəlmişkən, Babək ərazisindən keçən respublika əhəmiyyətli yollar 166,5 km, yerli əhəmiyyətli yollar isə 267,5 km təşkil edir. Rayon ərazisindəki yolların hər biri müasir tələblərə cavab verir. Ölkə başçısının ardıcıl olaraq imzaladığı sərəncamlara uyğun olaraq Hacıvar-Vayxır-Sirab avtomobil yolu, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurulub.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi və qayğısı ilə son illər rayonun Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz, Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol,eləcə də Aşağı və Yuxarı Buzqov-Kültəpə, Gülşənabad kəndlərində yollar yenidən qurulub, nəqliyyatın və əhalinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.
Bu gün Babək rayonuna yolu düşən hər kəs əldə olunmuş nailiyyətlər qarşısında öz heyranlığını gizlədə bilmir. Bu isə 41 il ərzində əldə olunan bu nailiyyətlərin rayonun təşkil olunması ilə bağlı göstərilən təşəbbüsün, verilən qərarın müdrikliyinin daha bir ifadəsidir. Şəninə neçə-neçə şeirlər,nəğmələr qoşulan,bugünkü inkişaf salnaməsi ilə adını tarixə yazdıran Babək rayonunu haqlı olaraq ulu öndər Heydər Əliyevin yadigarı da adlandırırlar. Şair də yaxşı deyib:
Sən Ulu öndərin istəyindən yarandın,
Sən Ulu öndərin dəstəyindən yarandın,
Sən Ulu öndərin əməyindən yarandın,
Hər daşın,hər torpağın qızıla dönsün gərək.
Mənim əziz Babəkim, yeni yaşın mübarək.
Ramal Məmişov
Naxçıvan televiziyasının baş redaktoru