Muxtar respublikada nəqliyyat sektorunda yük və sərnişin daşınmasının həcmi artıb

A- A A+

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,4 faiz, sərnişin daşınması 1,3 faiz artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, yük və sərnişin daşınmasından 44 milyon 120 min 100 manat gəlir əldə edilib. Bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli və Qışlaqabbas, Ordubad rayonunun Dəstə, Babək rayonunun Kültəpə kəndlərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması və iki körpünün əsaslı təmiri başa çatdırılıb.

Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt, Şərur rayonunda Xətai-Yeni Havuş, Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Alışar və Xələc, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində körpünün bərpası davam etdirilib.

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb. Bundan əlavə, əldə olunan razılığa əsasən iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılıb ki, bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına geniş imkanlar yaradıb.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən cari ilin avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi davam etdirilir.

Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexi tikilir, inzibati bina yenidən qurulur, Park “V” İdarəetmə Mərkəzi əsaslı təmir olunur.

Dəmir yolu təsərrüfatına bir teplovoz gətirilib, Ordubad, Culfa və Kəngərli rayonlarının ərazilərində sahilbərkitmə işləri davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: