Naxçıvanda istehsal olunan elektrik enerjisinin 62,7 faizini alternativ və bərpa olunan enerji təşkil edir - FOTOLAR
Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 62,7 faizini alternativ və bərpa olunan enerji təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib, 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi hazırda davam etdirilir. Bundan əlavə, Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının inşası məqsədilə müqavilə imzalanıb və tikinti işlərinə başlanılıb.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib, Şərur rayonunda “Subartezian” yarımstansiyasının tikintisi davam etdirilir.
Muxtar respublikada 30,4 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 13 transformator yarımstansiyası quraşdırılıb.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılıb, Şərur rayonunun Daşarx kəndi ərazisində maye qaz doldurma, Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi davam etdirilir.
Bu il oktyabrın 1-nə olan məlumat görə, muxtar respublikada 87 min 88 əhali abonenti təbii qazla təmin olunub. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində və Şərur şəhərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.