Mən, payız və yağış

A- A A+

Çöldə şıdırğı yağan yağışı nəzərə almasaq ənənəvi iş gününə başlayıram. Oğlumu bağçaya qoyub, işə tələsirəm. Biraz əlimdəki çətirə, biraz gödəkcəmə tökülən yağış damcıları əməlli-başlı “melodiya“ yaradır. Bəlkədə təbiət ən yaxşı mahnısını bəstələyir indi. Mən addımlarımın sürətini artırdıqca damcıların da sayı artır.O “tıp-tıp”lar klaviaturanın səsini xatırladır mənə. Təbiət ən yaxşı əsərini yazının yaddaşına köçürdür sanki. Yağışın gücündən də  daha sürətli beynimdən dilimə şeir misraları axıb gəlir: ”Yağma yağış sən yağanda xatirələr düşür yada”- deyən  şairə qarşı Müşfiqin inadkar misraları cavab verir, “Yağ ey yağış, fikrim kimi, hissim kimi”, sonra başqa biri “Lap yağışın özünü də yağış yuyur, gün qurudur”, daha biri “Burda hava pis keçir, ara vermir yağışlar”.

Fikrimcə,yağışın da öz ruhu var və o ruh bu qədim şəhərin payızlı səhəri ilə görüşəndə  Tanrının yeni və ən gözəl  tablosu “tamaşaçı”qarşısına çıxır. Bu romantika, bu bədiilik təkcə bir təbiət hadisəsinə müraciət ola bilməzdi axı. Elə olsaydı əgər yazılardımı bu qədər şeir, hekayə?

Fikrimdəki şeirləri sahmana salıb üzümü göyə tuturam və ani bir sual beynimi döyəcləyir- “Görəsən kəndə də yağırmı?” Yenə nənəm üzünü göyə tutub “Bərəkət yağır" deyirmi?. Niyəsə elə düşünürəm ki,nənəmin “bu tutarlı” ifadəsi digərlərini kölgədə qoyub.

“Yeyin yeri!..” Güllə kimi havada acılan bu “əmr” sərçə düzümünə atılan daş kimi o romantik fikirləri özüylə yığıb apardı. Narazı halda çönüb sağımda nəvəsinin biləyindən tutub dartışdıran nənəni görürəm. Balacanın geyimindən məktəbli olduğu bəllidir. Amma deyəsən gecikir, nənəsi isə onu “özünəməxsus” şəkildə məktəbə çatdırmağa çalışır. Uşaq isə nə yağışa, nə də nənəsinin biləyindən tutub dartışdırmasına məhəl qoyurdu. Görünür, onun ənənəvi dərsə getmə “üsulu” belədir. Ürəyimdən keçirdim ki, 60 yaşlı bu qadına “biləyindən yox, əlindən daha şəfqətlə tutsanız, onsuz da yanınızda gedəsidir” deyim, amma yaxşı ki, sadəcə ürəyimdən  keçirmişəm. Nənə üzümə yorğun və əsəbi halda elə baxdı ki, sanki baxışları qılınc kimi sabahdan bəri beynimdə qalaqlanan o gözəlim şeirləri elə hava da dəlib keçdi.

”Yeyin yeri!..”

Əvvəlcə elə düşündüm ki, mənə deyir. Bu dəfə iradəmdən kənar məndə nənə və nəvəsinin yerişinə uyğunlaşdırdım addımlarımı.Sanki kimsə mənim də qolumdan elə tutub və məndə harasa tələsirəm. Hə, hə, tələsirəm işə. Ara döngələri iti addımlarla geridə qoyub yola çıxırıq, çıxmaz olaydıq.

Fikrimdə piyada keçidinə qədər səki ilə gedib,sonra da yolun o biri tərəfinə keçmək var.Etiraf edim yağış yağsada, yağmasada hər səhər gördüyüm bir mənzərə var ki,günə pozitiv başlamaq üçün mənə yetərli olur. Məktəb qarşısındakı piyada keçidinə “nəzarət” edən polis əməkdaşı dərsə tələsən azyaşlıların əlindən tutub, mehribanlıqla yolu qarşı tərəfə keçməkdə onlara yardımçı olur. Həm maşınların hərəkətinə nəzarət edir, həm də balacalarla birlikdə bəlkə əlli, yüz dəfə piyada keçidin o tərəf bu tərəfə keçir. Yanımda iti addımlarla yeriyən nənədən fərqli olaraq əlindən tutduğu uşaqlara qarşı daha nəzakətli və daha gülərüzdür..

Qarşıdakı “tamaşadan “isə mənim yanımdan sürətlə keçib yağışın çirkli  sularını üstümə səpələyən bir maşın ayırır. Aha, qorxduğum başıma gəldi. Yol yoldaşlarımda mənimlə eyni taleni paylaşır. Mən, nənə və nəvə bu “nəzakətli” sürücünün “qurbanı” oluruq. Bir payız günündə yağan yağışdan alacağım romantik duyğular artıq yoxa çıxıb.

Etiraf edim ki,özümün, nənənin paltarlarının islanmasından çox azyaşlı üçün narahat oluram.Gün boyu o, islanmış paltarla dərs dinləməli olacaq. Nənə cibindən çıxardığı dəsmalla üst-başını təmizləməyə çalışsa da, hər halda ta olan olmuşdu.

Yağışda elə hey yağırdı...

                                                      Fizzə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: