Əlimə qələm alıb, sənin haqqında bir neçə söz yazmaq qərarına gəldim, sözün qüdrəti, Cavid əfəndi. Yazdıqlarım sənin ümmanında bir damladır. Hər gün axşam üstü işdən çıxan kimi 1996-cı ildən şəhərimizə gözəllik bəxş edən əzəmətli məqbərənin yanında dayanıb səninlə söhbət etməyə çalışıram.
Bilirsən, sözlərinə, şeirlərinə o qədər mahnılar bəstələnib ki, onları dinlədikcə ruhum dincəlir, əfəndi. Azərbaycan gənci bu gün müstəqil ruhlu, müstəqil düşüncəli və sənin arzuladığın gənclik olub. İndi sevgi yolunda can qoyan Şeyx Sənanlar, Gülbaharlar, Səyavuşlar, Xəyyamlar daha çoxdur. Məqbərənlə üzə-üzə skamyalarda çoxalıb şəhərimizdə. Hər dəfə onlardan birində oturub dodaqaltı zümzümə etdiyim mahnı bilirsən nədir?
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
İndi bu əsərin qiraətçilərimizin, müğənnilərimizin dilində bilirsən necə möhtəşəm səslənir. Bu sənin möhtəşəmliyindir, səma şairim. Maraqlıdır ki, ailə quran cütlüklər belə toy mərasimindən qabaq səni yad edib, məqbərən önündə şəkil çəkdirirlər. Sən hər kəs üçün müqəddəsləşmisən artıq. İndi sənin uyuduğun xiyabanın ətrafı böyük parka çevrilib. Bura müqəddəs yer olub. Bura gələn hər kəs sənin ruhunla rahatlıq tapır. Ey hüsnü-xuda şairim hər dəfə bura gələndə sənin Mişkinaz xanıma yazdığın məktub sətir-sətir gözümdə canlanır.
Son məktub
Əziz Mişkinaz!
Köhnə yerimdə yaşayıram. Sağlamam. Hər ay siz göndərən pulları alıram. Yazdığım kimi hər ay teleqrafla 50, ya 60 manat göndərin. Bağlama lazım deyil. Amma hər yarım aydan bir mənə səhhətiniz haqqında yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, yada müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusəndə istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın.
Yenə öpürəm sizi. H.Cavid, 27 may 1941-ci il”
Məktubu alan Mişkinaz xanım o gün heç rahatlıq tapmırdı. Nisgili saatbasaat dahada böyüyürdü. Onu narahat edən isə ürəyindəki hiss- bunun son məktub olacağını düşünmək idi. Məktubdakı bütün yazılar Mişkinaz xanımı dondurmuşdu. Əlbəttə, Sibir buzlaqlarında-Maqadanda sürgün həyatı yaşayan Cavid üçün buraların dondurucu soyuğu önəmli deyildi. Çünki alışmışdı bu soyuqlara. Nəmdən pambıqlamış divarların arasında sözünün qüdrəti ilə isidirdi özünü Cavid əfəndi. Titrəyən dodaqlarındakı pıçıltı ilə söylədiyi şeir Uzaq Şərqdən öz doğma ocağına qədər istilik qatırdı:
Olubdu qəlbimə hakim mənim məlali-Vətən,
Başımda şur ilə məskən salıb xəyali-Vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdən mənim məqali-Vətən.
Danış! Yazdıqların nədir?! Məqsədin nədir? Deyənlərə isə əfəndinin bir cavabı var idi. Həqiqət. Yalnız həqiqət. O, bu həqiqəti tapmaq üçün elə ağır bir yolun yolçuluğunu üzərinə götürdü ki, üzləşdiyi çətinliklər, ziddiyyətlər, təzyiqlər, uçurumlar və nəhayət, repressiyalar ömrünə, qənim kəsildi. Dəhşətlisi odur ki, Cavid kimi coşqun arzulu, vətəndaş mövqeli, milli qürurlu, torpaq sevgili şairimizin taleyinə sürgünün ən ağır nəticəsi olan qürbət iztirabları yazıldı.
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə Xaliq, nə əski-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı...
-Bəs nə olaydı, Cavid əfəndi?
-Ədalət, Həqiqət və Vətənimi müstəqil görmək!
Cavidə məktub
Hə, böyük Əfəndi, bu məktubu məqbərənin yanındakı skamyalarda oturub yazmıram. Sözün düzü, bu aylarda Naxçıvanda havalar axşam üstü bir az soyuq olur. Nədənsə, sənin uyuduğun Əlixan məhəlləsindəki Ev muzeyinin ətrafı, hər tərəfi dekorativ ağaclarla, parklarla bəzədilmiş bu məkanda yay sərin, payız-qış ayları isə soyuq olur. Bu soyuq da məni üşütdü. Ey böyük əfəndi, sən necə dözdün Sibirin ilik donduran soyuğuna? Bəlkədə bu soyuqda üşüyüb, donan bədəninin soyuqluğudur. Bəlkədə yox. Axı sən indi Vətənində uyuyursan. Ruhun üşüməz yəqin. Heç burda necə uyuduğunun tarixini bilirsənmi?
Həmin gün Sibir şaxtası da sənin böyüklüyünün qarşısında aciz idi. Artıq qarlı, çovğunlu bu diyar da sənin vətən həsrətinə dözə bilmirdi, sanki məzarın tapılmasına şərait yaradırdı. Eh, bu çovğunlu Sibir kimləri öz ağuşuna almadı ki, əfəndi… Çətinliklərlə də olsa sənin məzarın o qədər məzarlar içindən tapılmışdı. Taxta baş daşında yazılmış sadəcə 59-dan bildilər ki, məzar sənə məxsusdur. Çünki arxiv sənədlərindən də aydın olurdu ki, ölüm aktında 59 rəqəmi qeyd olunub. Ürəyində Vətənin hərarətini özləri ilə sənə qədər gətirib çatdıran nümayəndə heyəti sənin buz bağlamış məzarını qazırdı. Deyilənə görə səni iki metr dərinlikdə, taxta tabutda dəfn etmişdilər. Məzar qazıldı və mübarək tabutun üzə çıxdı.
– Arxadaş, göz aç aman! Qalx ölüm uyqusundan!
Bilirsən, Cavid əfəndi, hansı gündən danışıram, səni Şekspirdən də, Hötedən də yüksək məqamda görən Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində sənin cənazənin 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğun Naxçıvan torpağında dəfn olunduğun gündən. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə sənin möhtəşəm məqbərən tikildi, Bakıda sənin ev-muzeyin açıldı. 120 illik yubileyinin təntənəli keçirilməsi də sənin adın ilə bağlanan üçüncü böyük sevinc idi ki, məhz dövlət müstəqilliyimizi qazandıqdan sonra baş tutdu. İndi burda tək uyumursan, bir zamanlar həsrətində olduğun, Mişkinazın, Ərtoğrolun, Turanında yanındadırlar. Naxçıvan torpağından ayrılandan sonra, yenə də bu torpaqda birləşdiniz.
Ehh,Cavid əfəndi, bu dünyaya birdə gəlsən görərsən ki, bütün arzularına çatmısan. İndi sən Azərbaycan ədəbiyyatının əfəndisi olmusan. Əsərlərində xalqımızın milli-mənəvi dəyəri olub. Sən Azərbaycan ədəbiyyatına ilk mənzum pyesi - “Ana”nı bəxş etdin. 1937-ci ilə kimi bir-birinin ardınca yazdığın20-dən çox pyes, ədəbiyyatımızda əsasını qoyduğun mənzum dram, "Maral", "Şeyx Sənan", "Uçurum", "Şeyda", “İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı"kimi əsərlərin indi tamaşalara qoyulur, səhnələşdirilir. Amma çox heyf ki, yarımçıq qalan "Azər" poemasını tamamlaya bilmədin. Bilirsən o yarımçıq saxladığın əsərin belə ədəbiyyatımızı fəth edib. Hətta Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısına” daxil edilib. Soruşsan bu Sərəncam nədir? Bu gənclərə tövsiyə edilən ən dəyərli kitabların siyahısıdır. Yəni əfəndimiz müasir dövrdə kitaba yenidən qayıdışdır.
Sənin amallarını "uf" demədən doğrayan 1937-ci ilin qəzəbli qılıncı o dövrün bir çox aydınlarının həyatını da puç etdi. Səndə şahidi oldun ki, onların işıqlı arzularına necə son qoyuldu. Əfəndimiz, bu ədalətsiz hökmlərin, əmrlərin, tuthatutların, qovhaqovların ən ağır zərbəsi isə millətimizin köksünə dəydi. Hələdə bu ağrını, acını biz jurnalistlər tez-tez bütün dünyaya, ətraf aləmə çatdırmaq istəyirik. Bilmirəm bacarırıq ya yox. Amma səni, dostların Cavadı, Müşfiqi, Abbas Mirzənidə xatırlayırıq. Unutmuruq.
Buralarda hər şey yaxşıdır. Dövlətimiz günü-gündən güclənir, milli mənəvi dəyərlərimiz qorunur. Həəə. Sənə ədəbiyyatdan xəbər verim, əlbəttə, bir ədib, dramaturq kimi səni daha çox təhsil, mədəniyyət, ədəbiyyat maraqlandırır. Narahat olma, Cavid əfəndi, bunlarda qorunur. Bunlarada qayğı var. Bir zamanlar Naxçıvanda yaşadığın evinlə üzbəüz məktəb binasını bilirsən necə yenilənib?! İndi orada arzuladığın Gülbaharlar təhsil alır...
Əfəndim, gələcəyə doğru mətin bir yürüşlə elə zirvədəsən ki, sənə nə əl çatar, nə söz yetər! Səni sevənlərin qəlbində varsan! Böyüklük, ucalıq, əbədiyaşarlıq budur! Günün mübarək, Hüseyn Cavid !
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı