Naxçıvanda bu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələr çərçivəsində 39 ailə təsərrüfatına 381,4 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu layihələrdə heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması nəzərdə tutulub.
Muxtar respublikada sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyinin göstərilməsi əhəmiyyətli investisiya mənbəyidir.
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə bu ilin ötən dövrü ərzində kredit resurslarına ehtiyacı olan sahibkarlıq subyektlərinin iqtisadiyyatın prioritet istiqamətlərinə yönəlik layihələrinin maliyyələşdirilməsi davam etdirilib. Belə ki, cari ilin 9 ayında Sahibkarlığın İnkişafı Fonduna sahibkarlar və ya təsərrüfat subyektləri tərəfindən 220 müraciət daxil olub. Həmin müraciətlər üzrə monitorinqlər aparılıb, iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə və ailə təsərrüfatlarına biznes planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərilib. Nəticədə, yanvarın 1-dən sentyabrın 1-dək fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı vasitəsilə 58 layihənin maliyyələşdirilməsinə 6 milyon 458,7 min manatdan çox kredit verilib. Həmin vəsaitdən sənayeyönümlü 6 layihənin maliyyələşdirilməsinə 5 milyon 523 min manat yönəldilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, quşçuluq sahələrinin, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbarın yaradılması, müxtəlif çeşiddə meyvə araqlarının və meyvə qurularının qablaşdırılması, süd məhsullarının emalı, yabanı növ bitkilərin tədarükü və qablaşdırılması, damazlıq arı təsərrüfatının və balın emalı sahələrinin yaradılması, qovurmanın qablaşdırılmasının təşkili, dondurma istehsalı və satışı sahəsinin yaradılması məqsədilə 50 layihənin maliyyələşdirilməsinə 922,7 min manat vəsait sərf edilib. Bundan başqa, xidmətyönümlü 2 layihə üzrə 13 min manat həcmində vəsait yönəldilib.
İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaradıb. Cari ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, belə təsərrüfatların iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilib.
Sahibkarlara, ailə təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradıb.