Lund şəhərindəki (İsveç) Universitetin tədqiqatçıları xərçəngin müalicəsini çətinləşdirən səbəbləri araşdırma prosesində müxtəlif müalicə üsullarından istifadə zamanı xərçəng hüceyrələrinin salamat qalmasına imkan yaradan strategiyaları müəyyən edə biliblər.
NUHÇIXAN İsveç KİV-lərinə istinadla xəbər verir ki, alimlər pasiyentlərin müxtəlif qruplarında 50 törəmədən götürülmüş xərçəng hüceyrələri genomlarını təhlil ediblər. Onlar xərçəng hüceyrələrinin pasiyentin immun sisteminə, habelə kimyəvi terapiyaya və digər preparatlara qarşı yönəlmiş müdafiə mexanizmlərinin inkişafına şərait yaradan gen qruplarını və onların ardıcıllığını müəyyən etməyə nail olublar.
Alimlərin sözlərinə görə, bədxassəli toxumalar böyüdükcə bu genlərdə mutasiyalar formalaşır və şiş hüceyrələrinin “klonlar” deyilən yeni tipləri yaranır. Beləliklə, eyni şişin daxilində müalicə prosedurlarına müxtəlif şəkildə reaksiya verən bir neçə “klon” ola bilər. Məlum olub ki, bu mutasiyaları şiş toxumalarının “tolerantlıq”, “birgəyaşayış”, “rəqabət” və “xaos” mexanizmləri barədə dəqiq təsəvvür yaradan dörd qrupa bölmək olar.
“Rəqabət” və “xaos” qrupları şişlərin təkrar əmələ gəlməsinə kömək edir.
“Tolerantlıq” halında yeni “klonlar” şişin müəyyən hissəsində yaranır və onların olduğu yer dəyişmir. “Birgəyaşayış” qrupu belə bir fərziyyəyə əsaslanır ki, “klonlar” törəmənin müxtəlif yerlərinə düşərək onunla birlikdə inkişaf edir və çoxalır. “Rəqabət” halında yeni “klon” əvvəlki xərçəng hüceyrələrini tamamilə əvəz edir. “Xaos” qrupunda isə "klon"ların DNT-lərində şişin müxtəlif yerlərində eyni vaxtda nizamsız şəkildə yeni mutasiyalar və müxtəlif tipli hüceyrələr yaranır.
Qeyd edək ki, bu layihə üzərində işləyən alimlər qrupu gələcəkdə xərçəng xəstəliyinin başlanğıc mərhələsində bədxassəli hüceyrələrin salamat qalması strategiyasını müəyyən etmək niyyətindədir. Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticələri onkoloji xəstəliklərin müalicəsinin yüksək səmərəli yeni üsullarını yaratmağa kömək edəcək. Beləliklə, xəstəliyin başlanğıc mərhələlərində onu tamamilə aradan qaldırmaq və ya şişlərin təkrar yaranması imkanını kəskin azaltmaq mümkün olacaq.