DMT ekspertləri ölkələri radiotezlikləri qorumağa çağırır

A- A A+

Dünya Meteorologiya Təşkilatının (DMT) ekspertləri hökumətləri Yer kürəsinə nəzarət sistemləri üçün ayrılmış radiotezliklərin müdafiəsini təmin etməyə çağırıb. NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, belə radiotezliklər havanın proqnozlaşdırılmasında və iqlim dəyişmələrinin nəticələrinin uzunmüddətli monitorinqində mühüm rol oynayır.

Mütəxəssisləri narahat edən budur ki, geniş zolaqlı rabitəyə qoşulma sahəsində, o cümlədən 5G beşinci nəsil mobil rabitə provayderləri arasında müşahidə olunan yüksək rəqabət meteomüşahidələr üçün istifadə olunan peyk, radiozond, radar və digər sistemlərin normal işləməsinə mane ola bilər.

DMT-nin nümayəndəsi Erik Allaiks deyib: “Əlbəttə, DMT 5G kimi yeni telekommunikasiya texnologiyalarının buraxılmasına mane olmağa çalışmır. Lakin bizi narahat edən budur ki, onlar həyati əhəmiyyətli xidmətlər, məsələn, havanın proqnozunu tərtib edən xidmətlər tərəfindən istifadə olunan tezlikləri ələ keçirə bilərlər”.

Ekspertlər qeyd edirlər ki, son onilliklərdə havanın vaxtında və dəqiq proqnozları sayəsində, o cümlədən internet-provayderlərin və mobil rabitə operatorlarının hazırda ələ keçirməyə çalışdıqları radiotezliklərin köməyi ilə Yerin məsafədən zondlaşdırılması hesabına minlərlə həyatı xilas etmək mümkün olub.

Allaiks deyib: “Bir tərəfdən, qısamüddətli kommersiya maraqları, digər tərəfdən isə qlobal rifah prinsipləri arasında tarazlığı qoruyub saxlamaq lazımdır. Biz təbii fəlakətlərin proqnozlaşdırılması sahəsində çoxsaylı nailiyyətlərdən imtina edə bilmərik. Bu, insanların həlak olmasına və infrastrukturların dağılmasına gətirib çıxarardı”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: