Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Fondun Şərur rayon şöbəsi tərəfindən Axura kəndində sığortaolunanların iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov qeyd edib ki, rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 601 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 173 sığortaolunan dövlət müəssisə və təşkilatlarda çalışanlar, 282 sığortaolunan yerli özəl müəssisədə çalışan sığortaolunanlar, 146 nəfər isə fiziki şəxslərdir.
Tədbirdə həmçinin sosial sığorta haqqı ödənişlərinin əhəmiyyəti ilə bağlı da geniş məlumat verilib. Bildirilib ki, sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirir. Bundan başqa onlara sosial sığorta ödəmələrindən yararlanmaq imkanı verir.
Tədbirdə son vaxtlar vətəndaşlara pensiyaların yerli poçt bölmələri tərəfindən ödənilməsi işinə də toxunulub. Bu xidmətin pensiyaçıları razı saldığı qeyd olunub.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələri təqdim edilib.