Kəngərli rayonunda həm qiymətli ərzaq, həm də heyvandarlıq və quşçuluq üçün dəyərli yem olan qarğıdalı dəni istehsalına maraq ildən-ilə artır. Bir neçə ildir ki, az xərclə xeyli gəlir gətirən bu məhsulun istehsalı rayonumuzun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Nəticə olaraq qarğıdalı əkinlərinin sahəsi getdikcə genişlənir. Cari ildə bu bitkinin əkin sahələri 117 hektara çatdırılıb. Qarğıdalının əkini, becərilməsi və yığımı zamanı əksər işlərin müasir texnikalar vasitəsilə aparılması əl əməyini xeyli yüngülləşdirir.
Bu il Qıvraq qəsəbəsi, Böyükdüz və Xok kəndlərində qarğıdalı əkininə daha çox sahə ayrılıb. Əkin və becərmə tədbirləri aparılarkən aqrotexniki qaydalara düzgün əməl olunduğundan sahələrdə bol məhsul yetişdirilib.
Artıq qarğıdalı yığımı başa çatıb. Biçilmiş 117 hektar qarğıdalı sahəsinin 100 hektarı yem üçün, 17 hektarı isə dən üçün nəzərdə tutulub. Dən üçün ayrılmış qarğıdalı sahələrindən 92 ton məhsul istehsal edilib, hektarın orta məhsuldarlığı 55 sentnerə çatdırılıb.
“Yeni həyat” qəzeti