Qış süfrələrimizin ləzzəti-qovurma

A- A A+

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan ərazisində olan müxtəlif iqlim qurşaqları, vətənimizin flora və faunasının zənginliyi eyni zamanda mətbəximizin də rəngarəngliyinə təsir edib. Milli mətbəximizin tarixi xalqımızın tarixi qədər qədimdir. Bu bir həqiqətdir ki, milli mətbəximizin ləziz yeməklərindən olan qovurma da qədimiliyi ilə seçilən milli xörəklərimizdəndir. Bu dadlı-duzlu qida haqqında “Kitabi-Dədə Qorqud” dastanında da bəhs olunub. Bu yazıda da Naxçıvan milli mətbəxinin dadlı yeməklərindən biri olan qovurma haqqında bəhs etmək istəyirik.

Həmişə qayğıkeş olan xalqımız sərt qışa ərzaq ehtiyatı toplamaq üçün bir çox mətbəx nümunələri yaradıb və  qovurma da onların biridir. Bu dadlı qidanı bir neçə ay keyfiyyəti heç pozulmadan saxlamaq mümkündür. 

Qovurmanın dadını təkcə yerli sakinlər deyil, həm də buraya gələn qonaqlar da yaxşı bilirlər. Naxçıvana, eləcə də Şahbuz rayonuna  gələn turistlər daddıqları milli yeməklərimiz arasında qovurmaya xüsusi maraq göstərirlər.

Aşağı Qışlaq kəndinin yaşlı sakinlərindən olan Ülkər nənə elə bu gün qızlarını, gəlinlərini, nəvələrini başına yığıb qovurma hazırlayır. Ülkər nənə  deyir ki, qovurma hazırlamaq üçün əsasən cavan, qoyun, qoç və dana ətindən istifadə edilir. Bu dadlı qidanı əsasən  payız aylarında hazırlayırlar. Heyvan kəsilir, doğranaraq təxminən tikələrə bölünür, əti çox vaxt bir gün saxlayırıq ki, suyu çəkilsin. Sonra doğranmış ətləri böyük qazanlarda duz vuraraq  pörtlədirəm. Qızardılan zaman didilməməsi üçün çox bişirmək lazım deyil. Qovurmaq üçün özümüzün hazırladığımız “ev kərəsi”ndən və qoyunun öz quyruğundan əldə etdiyimiz yağdan  istifadə edirik. əti qızardan zaman yaxşıca qovurmaq lazımdır ki, saxlanılanda xarab olmasın. Qovurduğumuz ətləri isti-isti küplərə yığırıq və onun üzərinə öz yağını əlavə edirik.

Pörtlədilmiş ətin suyundan da istifadə edirəm. Qovurmanın suyuna isə el dilində təngov deyirlər. Hətta kənddə kim qovurma etsə, yaxın qohumlara və qonşulara mütləq pay tutur. Çünki bu, bizdə artıq bir ənənə halını alıb.

Qovurmadan 10-15 adda dadlı-duzlu yemək hazırlamaq olar. Biz qadınların qışa hazırlıqla bağlı gördüyümüz işlərin ən sonuncusu qovurma hazırlamaq olsa da, onun təməli əvvəlcədən qoyulur. Əsasən bir-iki il əvvəl, ya da fevral-mart aylarında doğulan quzuların ən gümrahını seçərək deyirik ki, bu, qışın qovurmalığıdır. Elə o gündən də başlayaraq o quzu xüsusi bəslənilir.

Kəndimizdə  hər bir ailədə qışa saxlamaq üçün qovurma bişirilir. Hazırlanan qovurma  Novruz bayramına qədər işlədilir. Bu dadlı  nemətdən  bozbaş, yumurta, əriştə aşı, qurud aşı, yarma durusu və rayonumuzun dağlarında-dərələrində bitən ələyəz, şıppır, əvəlik, kimi dadlı yeməklər hazırlanır.

Kəndlərimizdə hansı evə qəfil qonaq getsən qovurma küpünün  hazırlandığını görəcəksən. Bu qovurma küpü qapımızı qəfil döyən qonaqların yanında üzümüzü ağ edən ruzi-bərəkətdir.

                                                                               

                                                                                    Hicran Əliyeva

                                                                    “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: