Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırıb. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir. Belə ki, bu ilin doqquz ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 351 milyon 390 min 800 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 307 milyon 559 min 300 ABŞ dollarını ixrac, 43 milyon 831 min 500 ABŞ dollarını idxal təşkil edib və 263 milyon 727 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Bu isə yerli istehsalın inkişafı və nəticədə daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.
İxracyönümlü məhsul istehsalı iqtisadiyyatın prioritet məsələlərindən biridir. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meylləri artır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənməkdədir.
Yerli ixrac məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracatçıların stimullaşdırılması məqsədilə 2019-cu ilin ötən dövründə 11 ixrac əməliyyatı üzrə 4700 manatdan çox ixrac təşviqinin verilməsi təmin edilib.
Muxtar respublikada investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların cəlb olunması məqsədilə 2019-cu ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin investisiya qoyuluşları ilə bağlı ümumi dəyəri 31 milyon 548 min manat olan 5 investisiya layihəsinə “İnvestisiya təşviqi sənədi” verilib.
Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdan ibarətdir. Cari ilin ötən dövrü ərzində muxtar respublikadan 14 xarici ölkəyə mineral sular, daş məhsulları, vafli və peçenyelər, plastik borular və tikinti materialları, tütün məmulatları, ziynət əşyaları, aliminium külçələr, meyvə-tərəvəz məhsulları ixrac olunubdur.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur. Verilən sertifikatlar ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaradır.
Bu gün qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır. Bu istiqamətdə atılan addımlardan biri də xaricdə Ticarət Evlərinin yaradılmasıdır. Kiyev, Minsk, Riqa, Varşava şəhərlərində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evləri”ndə muxtar respublika istehsalı olan vafli və şirniyyat məmulatları, “Badamlı” və “Sirab” mineral suları nümayiş olunur.
Ötən dövr ərzində yerli istehsal məhsullarının ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsi istiqamətində AZPROMO və digər təşkilatlarla mütəmadi olaraq əlaqə saxlanılmış və müzakirələr aparılıb.