Babəkdə yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fondun Babək rayon şöbəsi tərəfindən fərdi uçot sistemi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə bildirilib ki, fərdi uçot sisteminin əsas məqsədlərindən biri sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da öz növbəsində sığortaolunanın pensiyaya çıxacağı vaxtadək pensiya kapitalı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.
Vurğulanıb ki, sığortaedən ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunanı fərdi uçot sistemində qeydiyyata almaq üçün bir ay müddətində müvafiq ərizə formasını dolduraraq Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına təqdim etməlidir. Bundan sonra isə Fond tərəfindən sığortaolunana unikal sosial sığorta nömrəsi verilərək fərdi şəxsi hesab açılır.
Qeyd olunub ki, hər bir vətəndaşın təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsinin əldə olunması mütləqdir. İş yerini neçə dəfə dəyişməsindən asılı olmayaraq sosial sığorta şəhadətnaməsi sığortaolunana bir dəfə verilir. Əmək fəaliyyəti olan sığortaolunan, dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə, dublikatının verilməsinə dair ərizə ilə sığortaedənə, sığortaedən isə öz növbəsində qeydiyyatda olduğu fərdi uçotu həyata keçirən Fondun yerli orqanına müraciət edir. Bir ay müddətində sığortaolunan həmin sosial sığorta nömrəsi ilə yeni dövlət sosial sığorta şəhadətnaməsini alır.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaedən və sığortaolunanlar müəyyənləşdirilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır.
Tədbirin sonunda yeni əmək fəaliyyətinə başlayan sığortaolunlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.