Həbibə Allahverdiyeva: “Rəssamlıqda yeniliyin tərəfindəyəm, amma yenilik adı altında  hansısa rəng və ştrixlə insanları  aldatmağı qəbul etmirəm”. - Tam səmimi - FOTOLAR

A- A A+

Hörmətli izləyicilər, NUHÇIXAN bu gündən yeni bir layihəyə start verir. “Tam səmimi” başlıqlı layihədə muxtar respublikanın ziyalıları, yaradıcı sənət adamları, ictimaiyyətin tanınmış fəal üzvləri ilə etdiyimiz səmimi söhbətləri sizlərə təqdim edəcəyik. İlk qonağımız isə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universiteti Təsviri-incəsənət kafedrasının baş müəllimi Həbibə Allahverdiyevadır. 

-Həbibə xanım, “Tam səmimi”nin ilk qonağısınız. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. Yaradıcılıqda və işdə vəziyyət, əhval –ruhiyyəniz necədir?

-Məni  ilk layihənizin ilk qonağı qismində seçdiyiniz üçün təşəkkür edirəm. Uğurlu olsun. Ətrafımda gördüyüm duyduğum hər şey mənim əhvalıma təsir edir. Əhvalım yaxşıdırsa bu mənim işimə də təsir edir. Çalışıram ki, mənfi emosiyalardan uzaq olam. Qarşımdakı insanlara da müsbət enerji ötürə bilim. 

-Ana, rəssam, müəllim, yoxsa deputat-hansı sizə daha yaxındır?

- Sənət sahəsi belədir ki, səmimiyyət mütləqdir. Səmimiyyət olmayan yerdə heç nə olmur, hər şey saxta və süni olur. Səmimiyyət  isə hər şeyin açarıdır. Sadalananların hər biri mühümdür. Analıq, ailə bu mütləqdir. Təbii ki, pedaqoji sahə də elə. Rəssamlıq isə mənə çox doğmadır. Yaradıcı bir sahədir və əsasdır. Deputat olmaq  isə xalqımız, vətənimiz üçün müqəddəs və alidir. Mən çalışıram ki, həm dövlətim, həm də millətim üçün gərəkli olam.

-Payız yaradıcı insanların fəslidir deyirlər...

-Necə ki, yaz gözəllik və oyanışdırsa, payızda biraz hüzn var təbii ki, sona doğru gedişdi sanki. Ancaq mən elə düşünürəm ki, hər son eyni zamanda da bir başlanğıcdır. Çalışıram payızda da bir nikbinlik olsun. Payızın daha çox rəngləri mənə xoş gəlir-isti rənglərin harmoniyası. Və payız rəngləri içində olmaq onu duymaq insanda bir enerji yaradır.

-Bəs ovqatınız daha çox hansı fəsilə uyğundur?

-Yay biraz mənə uzaqdır. Adətən qış üçün belə deyirlər, ancaq yayda daha çox süstlük hiss edirəm. Yaz və payızı mən özümə daha yaxın hiss edirəm.

-Tablolarınızdan da sarı daha çox boylanır.

-İsti rənglər sevdiyim rənglərdi. Soyuq və isti rənglərin harmoniyasını daha çox sevirəm.

-Bəs musiqi, işləyəndə daha çox nəyi, kimi dinləyirsiniz?

-Klassik musiqiləri çox sevirəm. Musiqi ilə rəssamlıq çox yaxındır. İkisi bir arada olanda daha gözəl olur. Siz görürsünüzmü sərgi salonlarında fonda mütləq musiqi var və onda tablo daha təsirli olur. İnsana yeni duyğular bəxş edir. Sanki daha çox qapılırsan o obraza, süjetə.

-Bəs ədəbiyyat ?

-Etiraf edim əvvəl daha çox bədii ədəbiyyat oxuyurdum. Ancaq indi birqədər az vaxt ayırıram.

-Hansı ədibin əsərlərinə illüstrasiya çəkmək istəyərdiniz?

-Hüseyn Cavid poeziyası mənə çox yaxındır. Ruhən ona çox yaxın olduğumu hiss edirəm. Onun portretini də işləmişəm. Məmməd Araz, Bəxtiyar Vahabzadəni çox sevirəm, çünki şeiri sevirəm. Dünya ədəbiyyatında isə Drayzer mənə çox yaxındır. “Əli və Nino”nun da illüstrasiyasını çəkmişəm.

-Həyatınızı daha çox hansı prinsip üzərində qurmuşunuz? Həyat devizini bir cümlə ilə ifadə edə bilərsiniz?

-İnsan olmaq və insan kimi qala bilmək. Həyatın bütün çətinliklərini imtahan kimi qəbul etmək və bundan insanlığımızı itirmədən çıxa bilmək.

-Bəs sənətdə və cəmiyyətdə yenilikçisinizmi, yeniliyin tərəfindəsinizmi?

-Mənə görə elə şeylər var ki, onlar dəyişilməzdi.Və ən yaxşısı da onun elə dəyişilməz qalmasıdır. Ancaq elə şeylərdə var ki, dəyişilməlidir, zamanın tələbidir. Misal üçün bizim adət-ənənələrimiz var. Dəyişilmədən gələcək nəsillərə çatdırmalıyıq. Ancaq elə nüanslar var ki, tarixdə qalmalıdır. Biz  mədəniyyətin inkişafının axarındayıq.Onun üçün dövrlə ayaqlaşmalıyıq. Keçmişdə qalsaq inkişaf edə bilmərik. Rəssamlıqda isə akademizm elədir ki, o mütləqdir. Rəssamlığın ibtidai əlifbası olması mütləqdir və dəyişilməzdir.
Dövrümüzdə də rast gəlirik , müxtəlif üslublar var. Ancaq dediyim bu üslublara gələnə qədər akademik təhsil olmalıdır. Rəssamlıqda hər hansı yenilik adı ilə  hər şeyi qəbul etmirəm, çünki hər dəyişiklik yenilik deyil. Yeniliyin tərəfindəyəm, amma bəzən sənətdə nə isə edib, adını yenilik qoyurlar. Təəssüf ki, bu “yenilikdən” insanlara heç nə çatmır, onları hansısa rəng və ştirxlə aldatmağa çalışırlar.

-Öz avtoportretinizi çəkmisinizmi?

-Çəkmişəm, məktəbli olarkən. Ancaq indi baxanda görürəm ki, səhvlər var. Çəkdiyim bütün qadın obrazlarını mənə oxşadırlar, deyirlər yaratdığın bütün qadın obrazları sənsən. (Gülür.) Əslində yaradıcı insanlar yazdığı və çəkdiyi hər bir sənət əsərində özünü ortaya qoyur. O başqası ola bilməz , öz fikrini,öz düşüncəsini, öz xarakterini ortaya qoyur.

-Biraz da müəllimlik fəaliyyətinizdən danışaq, tələbkarsınızmı?

(Gülür) – Hə. Deyirlər ciddiyəm. Bunu ən çox birinci kurs tələbələri deyir. Ancaq vaxt keçdikcə  çox səmimi olduğumu vurğulayırlar. Çalışıram ki, tələbələrlə yaxşı ünsiyyət quram və səmimi olam. Çünki rəssamlıq bunu tələb edir. Mən tələbələrlə o səmimiyyəti yaratmasam dərsi necə keçə bilərəm? Dərsdə tələbələr üçün yaradıcı mühiti mən yaratmalıyam. Amma etiraf edim ki, tələbələrlə münasibətdə bir qədər hədd də saxlayıram. Bəzən tələbələr çox səmimi olan müəllimin yumşaqlığından istifadə edirlər... 

-Yaradıcılıq,dərs və ev-ailə, bunlar fərqli işlərdir. Hamısı birləşəndə yormur ki sizi?

-Fiziki yorğunluq olur, əsas odur ki, ruhən yorğunluq olmasın. Fiziki yorğunluğu bərpa eləmək asandı. Birdə məşğul olduğun işə sevgi mütləq olmalıdır. Məhəbbət olan yerdə ruhun yorğunluğu olmur.

-Naxçıvan qadını dünən və sabah. Gələcəyin necə xəyal edirsiniz?

-Mən bu sualın cavabını qadınlara həsr elədiyim sərgimdə deyəcəyəm. O cavab daha obrazlı şəkildə olacaq. (Gülür) Sözlə ifadə etdikdə isə, Azərbaycan qadını həm güclü, həm zərif, həm də işgüzar olub. Həmişə öndə olub və elə onunda ən gözəl nümunəsi Möminə Xatundur. Bu həmdə qadına verilən dəyərdir. Tarixən necə güclü, ləyaqətli və ziyalı olubsa gələcəkdə də elə olacağına inaniram və bunu tələbələrimə də deyirəm. Yəni bu obraz mənə görə belədir: vətənpərvər, ziyalı, ailəsinə sadiq, əməksevər və qoruyan.

-Övladlarınıza ən çox nəyi öyrədirsiniz və sizdən ən çox nəyi öyrənmələrini istərdiniz?

-Düzü, bu haqda heç düşünməmişdim. Sualla məni qəfil yaxaladınız. (Gülür). İstərdim ki, əsl ziyalı və insan kimi nəzakətli olsunlar. Birdə onlara təkcə mən deyil, həyat yoldaşımla birgə  çalışmışıq ki, həmişə düzgün tərbiyə verək. Xalqımız və cəmiyyətimiz üçün gərəkli olsunlar, onlardan həmişə bunu istəyirəm. 

-Həbibə xanım, bu sual yəqin ki, gənclər üçün də maraqlı olar-ailə karyeraya, yaxud da ki, karyera ailəyə mane olmur ki?

-Etiraf edim ki, bu sualı mənə hələ heç bir jurnalist verməyib. Amma siz çox həssas məqamlara toxunursunuz. Əslində bu mənim xoşuma gəlir. Sualın cavabında deyim ki, mən öz sərgimdə də bunu vurğulamışam. Yaradıcılıq qısqancdır, vaxtın, zamanın hamısını tələb edir və mən bunu hər zaman hiss eləmişəm. Ancaq zamanı düzgün bölməyi bacarmaq lazımdır. 

-Hobbiniz varmı?

-Məni rahatladan ən yaxşı iş elə rəssamlıqdır. Vaxt tapanda dekorativ əl işləri,balaca heykəllər hazırlayıram.

-Həbibə xanım, siz çox sakit bir xanımsınız. Bunu sizi tanıyanların hamısı təsdiq edir. Amma hər bir insanın özünəməxsus daxili aləmi, digər insanlara fərdi yanaşması var. Siz insani münasibətlərdə nəyi bağışlamırsınız?

-Xarakterim belədir ki, insanlara tez öyrəşirəm. Saxtakarlıq və sünilik mənə yaddır. İnsanları tanımaq qabiliyyətim var. Ancaq bəzən yalanı, riyanı anlaya bilmirəm. Xəyalpərəstəm. Ancaq inam hissi heç vaxt məni tərk eləmir. İnam hissi olmasa yaşamaqda çətin olar.

-Romantik ya realistsiniz?

-Həyatda realist deyiləm, xəyali hiss və duyğular yaşayıram. Şən mühitdə olmağı və deyib-gülməyi sevirəm. Bəzən hisslərimə çox qapılıram, ancaq yenə də nikbinəm. İstəyirəm ki, elə bütün insanlarda həyata pozitiv baxıb, nikbin yanaşsınlar. Belə...

-Müsahibə üçün çox sağ olun. 

                                                                          Fizzə Bağırova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: