Tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 29-da Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.
Tələbələr əvvəlcə Prokurorluqdakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elan etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının əhəmiyyəti, prokurorluq orqanlarında çalışmaq istəyən əməkdaşların peşəkar mütəxəssis, öz işinin öhdəsindən vicdanla gələ bilən yüksəkixtisaslı kadrlar kimi yetişdirilmələrinin vacibliyini vurğulayıb.