Tələbələrə təqaüd kartları verilib - FOTOLAR
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində “Naxçıvan tələbələrinə təqaüd” proqramı çərçivəsində “Nar” mobil operatoru tərəfindən tələbələrə təqaüd kartları təqdim edilib. “Azerfon” şirkətinin Baş icraçı direktoru Qunnar Pahnke bu məqsədlə universitetə gəlib. Tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, bu tədbirlərin keçirilməsinin tələbələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində artan rolundan danışıb.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Əli Mikayılov qeyd edib ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusilə fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020-ci tədris ilində “Nar” tərəfindən 200 manat məbləğində aylıq təqaüd ayrılıb. “Azerfon”un Baş icraçı direktoru Qunnar Pahnke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tələbələr adından çıxış edən İnci Hüseynli öz minnətdarlığını bildirib.
Qeyd edək ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə muxtar respublikada təhsil alan tələbələr üçün təqaüd proqramını təşkil edir.
Həmçinin universitet rektoru ilə “Azerfon” şirkətinin Baş icraçı direktoru arasında görüş olub. İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında ətraflı məlumat verib. Rektor universitetdə imtahanların elektron qaydada keçirilməsini diqqətə çatdırb.
Sonra qonaqlar İnformasiya-Kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsində fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə tanış olublar.
Səadət Əliyeva