Qadınlar arasında sağlamlıqla bağlı maariflənmə işləri aparılıb - FOTOLAR
Aparılan təhlillərə görə, Şərur rayonunda yaşayan 41 878 uşaqdan 437-si sağlamlıq imkanları məhduddur. Rayonunun Qışlaqabbas kəndi üzrə isə 11 sağlamlıq imkanları məhdud uşaq var. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu faktlar Şərur rayonunun Qışlaqabbas kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbirdə səslənib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Ramilə Seyidova muxtar respublikada qadınların sağlamlığı və hamiləlik dövründə aparılan profilaktik tədbirlərdən danışıb. Qeyd edilib ki, dövlət tərəfindən həyata müvafiq səhiyyə tədbirləri nəticəsində sağlamlıq imkanları məhdud uşaqların doğulması hallarını azaldıb. Tədbir iştirakçılarına həmçinin ailə sağlamlığı, erkən nikahların yaratdığı fəsadlar, ailə münasibətlərinin düzgün qurulması haqqında geniş məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, Gültəkin Əliyeva Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin-sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom, o cümlədən psixi və davranış pozğunluqları olduğunu bildirib. Mütəxəssis bu problemlərin yaranma səbəbləri barədə slayd vasitəsilə ətraflı məlumat verib və tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanılıb.