BMT-nin ekspertləri hesab edirlər ki, dəniz nəqliyyatının emissiyası azalmasa, ekoloji fəlakət labüddür. Dəniz daşımaçılığı üzrə tələbatın artdığını nəzərə alan mütəxəssislər qeyd edirlər ki, bu sahədə parnik qazlarının tullantısını sıfıra endirəcək “yeni inqilaba” ehtiyac duyulur.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, əsrlər boyu dəniz marşrutu ilə daşımalar ölkələr və qitələr arasında mühüm nəqliyyat yolu olub. Dünya ticarətinin 80 faizi gələcəkdə daha da inkişaf edəcək və ən etibarlı və sərfəli vasitə olacaq dəniz nəqliyyatının payına düşür. Bunu nəzərə alan BMT-nin ekspertləri hesab edirlər ki, gəmilərin “karbon qazı izlərinin” tədricən azaldılması və aradan qaldırılması vacibdir.
Dünya bankının hesabatına görə, təkcə bir iri yük gəmisinin atmosferə buraxdığı kükürdün miqdarı 50 milyon avtomobilin emissiyasından çoxdur. Ümumilikdə, dəniz sənayesinin payına qlobal emissiya həcminin 2,2 faizi (ildə 800 milyon ton) düşür. Lakin dəniz sektoru iqlim dəyişməsinin nəticələrinin azaldılması üzrə digərlərindən geridə qalır.
BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) başçısının müavini İzabel Düran bildirib ki, dəniz nəqliyyatında maye bunker yanacağından istifadə olunur ki, bu da ciddi karbon qazı emissiyasına səbəb olur. Proqnozlara əsasən, yaxın 20 ildə dəniz ticarətinin həcmi ikiqat artacaq. Bu, ekoloji cəhətdən daha təmiz yanacaq növünün istifadəsi zərurətini yaradır.
Bütün bu nəticələr UNCTAD-ın Sinqapurda keçirilən sammitində təqdim olunan hesabatda öz əksini tapıb.
Beynəlxalq Dənizçilik Təşkilatının mətbuat katibi Li Adamson BMT-nin xəbərlər xidmətinə müsahibəsində bildirib ki, dövlətlər hələ 2018-ci ildə dəniz nəqliyyatında parnik qazı emissiyasının tədricən azaldılması və sıfıra endirilməsi üzrə ilkin strategiya qəbul ediblər. Belə ki, 2050-ci ildə emissiyanı 2008-ci illə müqayisədə ən azı iki dəfə azaltmaq nəzərdə tutulur. Həmin strategiyaya əsasən, hazırda üzən gəmilər tullantıları 80 faiz azaltmalı, yeniləri isə onu sıfıra endirməlidirlər.
Li Adamson bununla əlaqədar qeyd edib: “Bu strategiya yeni “yanacaq inqilabı” ilə müşayiət olunmalıdır. Sıfır emissiya səviyyəsi olan gəmilərin kommersiya baxımından cəzbedici olmasına müvəffəq olmaq və sərmayələri yenilikçi ekoloji texnologiyaların və alternativ azkarbonlu yanacaq növlərinin tətbiqinə yönəltmək lazımdır”.
Beynəlxalq Dənizçilik Təşkilatının nümayəndəsi etiraf edib ki, dəniz sənayesində karbon qazı tullantılarının həcminin sıfıra endirilməsi böyük xərclər tələb edir, lakin başqa yol yoxdur: “Hazırkı vəziyyət tamamilə yolverilməzdir, çünki tullantılar iqlim dəyişməsinə səbəb olmaqla yanaşı, insanların sağlamlığına və ətraf mühitə də mənfi təsir edir, habelə bütün cəmiyyətin üzərində maliyyə yükünə çevrilir”.