Meliorativ tədbirlər diqqətdədir

A- A A+

Suvarılan torpaq sahələrinin səmərəli suvarma suyu ilə təmin olunması üçün Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən müvafiq tədbirlər görülür. Aparılan meliorativ tədbirlər deməyə əsas verir ki, son illərdə muxtar respublikada 5 min hektardan artıq  sahədə suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb, 10 min hektardan artıq yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradılıb.

Meliorativ tədbirlərin həyata keçirilməsinə dövlət dəstəyinin verilməsi nəticəsində bu sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib.

Bu sahədə görülən işlər haqqında bir mütəxəssis fikrini öyrənmək üçün Komitənin şöbə müdiri Səttar Nəsirovla olan söhbəti sizin nəzərinizə çatdırmaq istərdik.

-Səttar müəllim, bu gün muxtar respublika iqtisadiyyatında meliorasiya və su təsərrüfatı sahəsi həlledici rol oynayır. Bu sahənin inkişafı ilə əlaqədar hansı  tədbirlər görülür?

- Mürəkkəb relyef quruluşuna malik olan Naxçıvan Muxtar Respublikasında torpaqların bir hissəsi dağ ətəyi, bir hissəsi isə Araz çayı vadisində yerləşir. Bu ərazilərdə meliorasiya və irriqasiya tədbirlərinin aparılması həmişə zəruri olub. Bu sahənin inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır.

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Tikilən anbarlar, çəkilən kanallar minlərlə hektar əkin sahəsinin suvarılmasında həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına birbaşa təsir  göstərir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Suvarma suyunun az itki ilə əraziyə çatdırılması və artıq yeraltı suların ərazidən kənarlaşdırılması üçün kanal və arxlar lildən təmizlənir, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

-Bəs muxtar respublika ərazisində çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində lazımi işlər görülürmü?

-Əlbəttə. Qeyd edim ki, suvarılan torpaqların şoranlaşmasına yol veməmək üçün, ilk növbədə, şoranlaşmanın səbəblərini öyrənmək, bu səbəbləri aradan qaldırmaq lazımdır. Torpaqların münbitliyini və bitkilərin məhsuldarlığını yüksəltmək üçün suvarılan torpaqların su və duz rejimləri bitkilərin tələblərinə uyğun olmalıdır. Buna da biz ancaq suvarılan ərazilərdə əsaslı meliorasiya işləri və aqrotexniki tədbirləri həyata keçirməklə nail ola bilərik. Elə bu baxımdan da kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası nəticəsində torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılır.

Muxtar respublikada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq üçün çay və selovlarda yaz mövsümündən başlayaraq mütəmadi olaraq sahilbərkitmə işləri aparılır, selə qarşı istiqamətləndirici bəndlər salınır.

-O da məlumdur ki, su itkisinin qarşısının alınması, torpaqların suvarma suyuna olan təminatının yaxşılaşdırılması üçün mütərəqqi suvarma metodları tətbiq edilir. Bəs son dövrlərdə tikilən qapalı suvarma şəbəkələrinin əhəmiyyəti nədir?

- Hamımız yaxşı bilirik ki, mütərəqqi suvarma metodlarının tətbiqi əkinçiliyin inkişafı və su ehtiyatlarından səmərəli istifadəyə imkan verir. Torpaqlarda meliorativ tədbirlərin görülməsi və aqrotexniki qaydalara əməl edilməsi muxtar respublika ərazisində yaşıllıqların sahəsinin artırılmasına da səbəb olur. Həmçinin bu üsulların tətbiqi suvarmanın məsrəfini azaldır, həm səmərəliliyi artırır, həm də  su sərfiyyatını  minimuma endirir. 

İzləyicilər üçün onu da bildirim ki, qapalı suvarma şəbəkəsi, müxtəlif materiallardan hazırlanmış boru kəmərləri ilə tikilən nəqletdirici və tənzimləyici sistemdir. Qapalı suvarma şəbəkəsinin bir neçə üstün cəhətləri vardır. Qapalı suvarma şəbəkəsi daha mürəkkəb relyefli sahələrdə tətbiq edilə bilir, su itkilərini xeyli azaldır, faydalı iş əmsalı xeyli yüksək olur, torpaqdan istifadə əmsalı 10-15% artır, sistem üzrə su bölgüsü əlverişli olur. Onu da söyləmək lazımdır ki, son illər muxtar respublika ərazisində 4100 hektardan  artıq sahədə qapalı suvarma şəbəkəsi tikilib. Hazırda isə 300 hektar sahədə yeni qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.

-Səttar müəllim, hidrotexniki qurğu dedikdə kəhrizlər, subartezian quyuları və nasoslar başa düşülür. Torpaqların suvarılmasında bu qurğuların köməyindən necə, tam istifadə edilirmi ?

- Bildiyimiz kimi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi təkcə su anbarları ilə deyil, digər su mənbələri kimi istifadə olunan nasos stansiyaları, kəhriz və bulaqlar, subartezian quyularının  istismarı ilə də məşğuldur. Belə ki, hidrotexniki qurğuların suvarma mövsümündə saz vəziyyətdə saxlanılmasına  həmişə ciddi nəzarət edilir. Hazırda Komitənin nəzdində olan 102 nasos stansiyası, 800 subartezian quyusu 336  kəhriz  istismar olunmaqdadır. Bu hidrotexniki qurğuların gücündən istifadə etməklə muxtar respublikada içməli və suvarma suyuna olan təlabatın ödənilməsinə nail olunur.

- Suvarma mövsümlərinin mütəşəkkil keçirilməsi üçün tədbirlər görülür. Artıq payız suvarma mövsümü başlanıb. Bu mövsümdə hansı işlərin görülməsi nəzərdə tutulub?

- Qeyd etdiyiniz kimi, artıq 2019-cu ilin vegetasiya suvarma mövsümü başa çatıb, payız suvarma mövsümü başlanıb. Su mənbələrindəki sulardan düzgün, səmərəli istifadə olunması su itkisinin qarşısını alıb, nəticədə isə torpaqların melirotiv vəziyyəti yaxşılaşıb. Qeyd etməliyəm ki, nasos stansiyalarının, subartezian quyularının fasiləsiz işinin təmin olunması, təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə görülməsi, hazırda su anbarlarında toplanmış su ehtiyatlarından qənaətlə istifadə etməklə payız suvarma mövsümünü də mütəşəkkil şəkildə başa çatdırmaq, əkin sahələrini suvarma suyu ilə tam təmin etmək mümkündür.

-Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbov qeyd etmişdir ki, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi suvarma mövsümü başa çatdıqdan sonra su ehtiyatlarının yaradılmasını diqqətdə saxlamalıdır. Bu tapşırığın icrası ilə əlaqədar hansı işlərin görülməsi zəruridir?

-2020-ci ildə suvarma mövsümündə istifadə olunacaq su ehtiyatlarının toplanması Komitənin qarşısında duran əsas vəzifələrdən biridir. Belə ki, suvarma mövsümü başa çatdıqdan sonra növbəti suvarma ilinin uğurla həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. İlkin mərhələdə su anbarlarında tələb olunan təmir işləri aparılır və bundan sonra suyun yığılması işləri həyata keçirilir. Bu il Cəhri-1,2,3 su tutarlarında aparılan təmir işlərini misal göstərmək olar.

Çay məcrasından kənarda yerləşən su anbarlarında isə su ehtiyatı yığmaq üçün sugətirici kanal tam istismar vəziyyətində olmalıdır.  İlk öncə kanal  və arxlarda lildən təmizləmə və müvafiq təmir-bərpa işləri aparılır, açarlar saz vəziyyətə gətirilir. Qış mövsümündə əgər donma baş verərsə bunun  qarşısını almaq üçün duz tədarükü edilir və kanal xüsusi nəzarətdə saxlanılır. Su yığımı vaxtı suların boş yerə axıdılmasına imkan vermək olmaz. Suvarma mövsümü başa çatdıqdan sonra istismar olunan nasos stansiyalarda cari, əsaslı təmir işləri həyata keçrilməlidir. Su anbarlarının suburaxıcı qülləsində, kanal və hidrotexniki qurğularda təmir-bərpa işləri vaxtında başa çatdırılmalıdır. Nasos stansiyaların, suqəbuledici qurğuların, suötürən boruların digər əsas və köməkçi qurğuların işlək vəziyyətdə olmasına daim nəzarət edilməli, kanal və arxlarda suyun maneəsiz axını təmin edilməlidi. Suvarma mövsümündən əvvəl nasos stansiyası sınaqdan keçirilib yoxlanılmalıdır.

Çünki, meliorativ tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, suvarma suyunun itkisiz sahələrə çatdırılması, su ehtiyatlarından səmərəli istifadə edilməsi əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı deməkdir.

-Müsahibə üçün, çox sağ olun.

                                                                            Sevinc Tağıyeva

Naxçıvan Muxtar Respublikasının

Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: