Şərur rayonunda tikinti-quruculuq işlərinin bir hissəsini də yeni məktəb binalarının tikintisi, mövcud tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması təşkil edir. Son illərdə bölgənin 50 yaşayış məntəqəsində yeni məktəb binaları tikilib, yaxud əsaslı şəkildə yenidən qurulub. Təkcə bu il Kərimbəyli və Muğanlı kəndlərində tam orta məktəbi istifadəyə verilib, Xələc, Muğancıq-Mehrab və Yeni Havuş kəndlərindəki tam orta məktəb binalarının tikintisində isə işlər sürətlə davam etdirilir.
Rayonda 55 ümumtəhsil məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblər kompüterlərlə və elektron lövhələrlə təmin olunub.
Təbii ki, qazanılan uğurlarda payız-qış dövrü dərslərin fasiləsiz təşkili və səmərəli keçirilməsinin də böyük əhəmiyyəti vardır. Çünki təhsilin kəmiyyət və keyfiyyət göstəriciləri qışa yüksək səviyyədə hazırlığın təşkilindən də asılıdır. Bu mənada rayonumuzun ümumtəhsil müəssisələrində işlər qaydasındadır. Payız-qış mövsümündə havalar nə qədər soyuq olsa da, rayonda tədris öz axarı ilə davam edir. Bu da hər şeydən əvvəl mövsümə əvvəlcədən ciddi hazırlıq görülməsindən irəli gəlir.
Rayonun ümumtəhsil müəssisələrinin 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı Təhsil Şöbəsindən bildirildi ki, rayonun 49 təhsil ocağı mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılır. Qazanxanalarda işləyənlər təşkil olunmuş xüsusi kurslardan keçib və müvafiq sertifikat alıblar. 3 təhsil müəssisəsi isə qaz və neft sobası ilə qızdırılacaqdır. Artıq belə müəssisələrin yanacağa olan ehtiyacı müəyyənləşdirilib, ayrılan qaz və neftin, habelə tələb olunan digər avadanlıqların alınması üçün müvafiq təşkilatlara sifarişlər verilib. Ümumiyyətlə, cari ilin payız-qış mövsümündə də heç bir çətinliyimiz olmayacaq. Əsas vəzifəmiz payız-qış mösümündə də tədrisin səviyyəsini yüksək saxlamaqdır.
Sözsüz ki, dövlət qayğısı rayonun pedaqoji kollektivlərini daha yaxşı işləməyə, sanballı uğurlar qazanmağa sövq edir. Qışa hazırlığın yüksək səviyyədə təşkili də buna rəvac verir.
Püstə Məmmədova
“Şərurun səsi” qəzeti