Naxçıvanın görkəmli şəxsiyyətləri: Əkmələddin Naxçıvani - FOTOLAR

A- A A+

Doğma Naxçıvanın qədim tarixi çox zəngindir. Bu diyarda zəngin yeraltı və yer üstü təbii sərvətlərlə yanaşı, elm və sənət də inkişaf edib, bu torpaq dünya mədəniyyətinə görkəmli mədəniyyət elm və dövlət xadimləri verib. Məlumdur ki, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri  fəthlərini genişləndirib və beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulub, türk-islam mədəniyyətinin çiçəklənməsinə rəvac verilib.  Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda  çox sayıda saray, cami, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana kimi memarlıq abidələri inşa edilib və bunlar özünəməxsus ümumi ortaq bir üsluba malik olublar.

Türkiyə Cumhuriyyətinin qədim Konya şəhəri uzun müddət Anadolu Səlcuqlu dövlətinin  paytaxtı olub, qısa müddətdə bölgədə islami həyat tərzi bərqərar olduğu üçün də burada islam elmi, mədəniyyəti inkişaf edib. Səlcuq hökmdarlarından xüsusilə  I Əlaəddin  Keyqubad  zamanında Anadoluya  ərəb ölkələrindən deyil, daha çox, İran, Azərbaycan və Orta Asyadan elm və sənət adamları gəlməyə başlayıb. Onlar bu bölgədə türk-islam mədəniyyətinin yayılması və çiçəklənməsinə ləyaqətlə xidmət göstərirdilər. Bu çərçivədə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Qaramandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi deyildi. Son dövrlərdə bu  dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edə bilər. Eləcə də Mövlana ailəsinin Konyadakı türbə kompleksinin inşası üçün  təbrizli memar Bədrəddin XIII əsrdə Cənubi Azərbaycandan Konyaya dəvət olundu.  Qaynaqlarda bu dövrdə türk ölkələrindən gəlib Anadoluda türk-islam mədəniyyətinin inkişafı üçün xidmətlər edən Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin  Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi  kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. O da maraqlıdır ki, Nəcməddin Naxçıvani  Konya Səlcuqlu dövlətində hökmdarın  vəziri  mərtəbəsinə yüksəlmişdi.

Bu dövrdə Azərbaycandan, xüsusilə Naxçıvan bölgəsindən çıxmış bir sıra alim və sənətkarlar Təbriz və Anadoluda xidmət edərək parlaq şəxsiyyət kimi yetişirdilər. Belə şəxsiyyətlərdən biri də  dövrün mütəfəkkir şairi, filosofu, sufi şeyxi olan Mövlana Cəlaləddin Rumi ilə yaxın  elmi-mədəni əlaqələrdə olmuş həkim Əkmələddin Naxçıvanidir (Səlcuqlu dövrünün əlyazmalarında Naxcuvani şəklində işlənib-Ə.Q).

Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin təşəbbüs və dəstəyi ilə Azərbaycan dilinə tərcümə etdiyim Mövlana Cəlaləddin Rumi “Məsnəvi”sinin nəşrindən sonra  Türkiyədə hər il böyük təntənələrlə  keçirilən on günlük Mövlananın vuslat törənlərinə dəvət aldım və 739-cu Mövlana günləri ilə əlaqədar Konya şəhərində oldum. Bu səfər zamanı   açıq səma altında muzey təsiri bağışlayan Konya şəhəri ilə tanışlıq zamanı əslən naxçıvanlı olmuş görkəmli  tarixi şəxsiyyət Əkmələddin Naxçıvani ilə bağlı rəvayətlər eşitdim və onun adı  ilə bağlı yerləri, məkanları, tarixi-memarlıq abidələrini ziyarət etdim. Səlcuq və Mövlana adını daşıyan universitetlərin kitabxana və əlyazmalar fondunda araşdırmalar apardım. Məlum oldu ki, Əkmələddin Naxçıvaninin nisbəsi tam olaraq qaynaqlarda aşağıdakı şəkildə işlənir: Əkmələddin  Müəyyəd bin Əbubəkr bin İbrahim əl-Naxçıvani ət-Təbib. Xalq arasında Bəy həkim ləqəbi, təxəllüsü ilə tanınan Əkmələddin Naxçıvaninin tikdirdiyi məscid və dəfn olunduğu məzar, türbə Səlcuq dövrünün qiymətli abidələrindən biri  kimi qorunub saxlanmaqdadır. Eyni zamanda Konya şəhərinin qədim şəhər mərkəzində Əlaəddin təpəsi (bu təpə üzərində vaxtilə Səlcuq dövlətinin hökmdarı I Əlaəddin Keyqubadın sarayı mövcud olub-Ə.Q.) yaxınlığında Bəy həkim məhəlləsində oldum, Bəy həkim adını daşıyan xəstəxananı, Əkmələddin Naxçıvani məscidini  ziyarət etdim. Hələ Fatih Sultan Mehmet dönəmi  vəqfnamələrində bu ibadətxananın adı Bəy həkim məscidi şəklində qeyd olunub (vəqfi məscide-Begi həkim dər məhəlleyi- Dövlətxan (tərcüməsi:Dövlətxan məhəlləsində Bəy həkim məscidinin vəqfi-Ə.Q.).

Onu da qeyd edək ki, Anadoluda səlcuq dövrünün zəngin ədəbi –mədəni və maddi  irsinə Karamanoğlu və Osmanlı dövlət hökmdarları qısqanclıq göstərərək bu  qədim yadigarlara biganə yanaşıblar. Ona görə də bu dövrə aid sənədlərin bir çoxu itib batmışdır. Bəlkə də bu səbəbdən Əkmələddin Naxçıvani haqqında günümüzə qədər gəlib çıxan bilgilər məhdud miqdardadır. Bəy həkim məscidi XIII əsrdə inşa edilib və tipik Səlcuq memarlığı elementlərini əks etdirir. Bu baxımdan məscidin memarlıq üslubu XII əsrin görkəmli  tişə ustası Əcəmi Əbubəkr oğlunun Naxçıvan memarlıq abidələri ilə çox yaxından səsləşməsi də təsadüfi deyildir. Məscid bir neçə dəfə təmir və bərpa olunmuş və hazırda məhəllə məscidi statusunda ibadətxana olaraq din adamlarına xidmət göstərməkdədir. Məscidin orijinal qapı və pəncərə tağları nadir Səlcuq dövrü memarlıq əsərləri kimi artıq uzun illərdir ki, Konya İncə minarə daş və ağac əsərlər muzeyində mühafizə edilməkdədir. Məscidin içəridən divarları və mehrabı nəfis çini işləmələri ilə süslənib. Çox təəssüf ki, türbədə və oradakı məzarın heç bir yerində yazı, kitabə və ya tarix qalmayıb. Konya memarlıq abidələrinin görkəmli tədqiqatçısı İbrahim Haqqı Konyalı bu barədə bunları qeyd edir: “İndi baxımsız bir yer olan bu məkanda türklərin ən böyük həkimlərindən biri və məbədin banisi yatmaqdadır. İbadətgahın ümumi həyətində talan edilən srayaın ağrılı halı görünr”. Məsciddəki orijinal mehrab 1899-cu  ildə qaçaqmalçılar tərəfindən Almaniyanın Berlin muzeyinə aparılıb.      

Doğum tarixi və Anadoluya gəlib yerləşməyi dəqiq bilinməyən, amma Cəlaləddin Rumidən gənc olduğu ehtimal edilən Əkmələddin Naxçıvaninin Azərbaycanın qədim diyarı Naxçıvanla bağlılığı bir çox tədqiqatçılar tərəfindən dönə-dənə qeyd olunub, israrla vurğulanıb.    Sənədlərdən bəlli olduğuna görə saraya gəlməzdən əvvəl Əkmələddin Naxçıvani Kayseri daruşşifasında çalışıb. Bunu onun yetirməsi (ustadına yazdığı məktubda özünü çakəri-qədim adlandırır -Ə.Q) Səlcuq dövlətinin münşilərindən olan Əbubəkrin məktublarından da görürük. Mövləviliklə bağlı  əlyazmalarda Əkmələddin Naxçıvani  Səlcuq hökmdarı Qiyasəddin Keyxosrovun hakimiyyəti dövründə (1264-1283) Konya sultan sarayında  baş həkim işləyib.  Sənədlərdə onun ailəsi, varisləri haqqında məlumata rast gəlməsək də, bir oğlu olduğuna dair işarələr vardır. Əkmələddin Naxçıvani dövrünün tanınmış təbibi ( begi Hekim, Hekim beki, Məlikül-hükema rəisül-etibba) idi. Təsadüfi deyil ki, Səlcuqlular dövrünün təzkirəçilərindən Əhməd Əflaki  Əkmələddin Naxçıvani, onun Mövlana ilə görüşləri haqqında bəhs edərkən  yazır ki “Zamanın Hippokratı mövlana Əkmələddin Təbib Mövlanaya mürid olmadan öncə Rum ölkəsi təbiblərinin böyüklərindəndi” (Ahmed Eflaki. Ariflerin menkibeleri, türkcəyə tərcümə edən Tahsin Yazıcı, Ankara: MEB yay, 1953,  s.130). O, sarayın baş həkimi vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda I Əlaəddin Keyqubad Daruşşifasında müdərris olub, tibb kadrlarının yetişməsində əmək sərf edib. Bu kadrlar Əkmələddin Naxçıvaninin verdiyi sənəd əsasında ölkənin tibb müəssisələrində həkim işləmək hüququ əldə edirdilər. Mənbələrin verdiyi məlumata görə  Kiçik Karatay mədrəsəsi bu böyük həkimə məxsus olub. Əkmələddin Naxçıvani dövrünün ən böyük təbibi kimi İbni-Sina dühasının heyranı idi. Yenə Ə. Əflakinin verdiyi məlumata görə Əkmələddin Naxçıvani dövrün böyük filosofları qarşısında bəyan etmişdi ki, Mustafa həzrətlərindən (Məhəmməd peyğəmbər nəzərdə tutulur- Ə.Quliyev) sonra bir peyğəmbər gəlsəydi və bu da mümkün olsaydı, bu mütləq İbni-Sina olacaqdı. Elə buna görə də o, İbni-Sinanın   məşhur “Qanuni-fi`t-tibb” əsərinə  1302-ci ildə təfsir, şərh yazıb. Müəllifin əlyazısı ilə qələmə alınmış və görkəmli türkoloq Fuad Köprülü kitabxanasında saxlanılan bu əlyazma nüsxəsinə əsaslanaraq ehtimal etmək olar ki, Əkmələddin Naxçıvaninin ölüm tarixi miladi 1302 (h.701)-ci ildən sonraya təsadüf edir.

Mövlana Cəlaləddin Ruminin dostları, həmsöhbətləri, müridləri çox olub. Ona hətta Səlcuq sultanlarından Müinəddin Pərvanə də ehtiram göstərirdi. Sufi şeyxinin sadiq və möhtəbər dostlarından biri də Əkmələddin Naxçıvani idi.  Alim  böyük Mövlanaya övliya kimi etiqad göstərir, onun müridi olmaqla fəxr edirdi. Elə buna  görə onlar arasında yaxın münasibət yaranmışdı, bir-birinin evinə, iş yerinə gedir, məktublaşırdılar. Günümüzə qədər  Mövlananın Əkmələddin Naxçıvaniyə  yazdığı üç məktub, oğlu Sultan Vələdin Əkmələddin Naxçıvani haqqında  qəsidəsi, habelə Əkmələddin Naxçıvaninin tələbələrindən olduğu ehtimal edilən  Əbubəkr ibn əl-Zakinin üç məktubu gəlib çatıb.

Mövlana Cəlaləddin Ruminin I məktubu Əkmələddin Naxçıvaninin ona yazdığı məktuba cavab xarakteri daşıyır.

II məktubda Karatay mədrəsəsində boşalacaq vəzifəyə Əfsəhəddinin təyin olunmasına  Əkmələddin Naxçıvaninin kömək etməsi xahiş edilir.

III məktub Mövlana övladı Əmir Alimin maddi vəziyyətini yaxşılaşdırmaq üçün Əkmələddin Naxçivaninin hökmdardan xahiş etməsi ilə əlaqədar yazılıb.

Bu məktublarda Mövlana, Əkmələddin Naxçıvaniyə “həkimlərin böyüyü, həyat cövhərinin ən arınmışı, bəlaların və zəhərlərin dərmanı, ağıl ağaclarının meyvəsi, bədxah adamların meydana gətirmək istədikləri pislikləri yox edən, mərifət dəryasının cövhəri, hünərlər sahibi, gözəl iman sahibi, özü doğru oğlumuz, həkimlərin iftixarı, dinin və dövlətin Əkməli” -deyə müraciət edirdi.

Mövlana ilə Əkmələddin Naxçıvani arasındakı dostluq münasibətləri haqqında nisbətən ətraflı məlumatlara, əsasən o dövrün təzkirəçiləri Ə.Əflaki və Sipehsaların  və bu böyük Səlcuq həkiminin tələbəsi olduğu ehtimal edilən Əbubəkr Zakinin əsərlərində təsadüf edirik.

Bu mənbələrdə göstərilir ki, Əkmələddin Naxçıvani Mövlanaya yüksək ehtiram və hörmətinin ifadəsi olaraq onun  Konyada Aynud-dövlə kimi rum rəssamları tərəfindən çəkilmiş portretlərini böyük məbləğdə pul ödəyərək alırdı. Əkmələddin Naxçıvani dəfələrlə Mövlananı müalicə edib və vəfatı zamanı  Qəzənfər Təbrizli adlı digər bir saray həkimi ilə birlikdə onun  yanında olublar. Mövlananın dəfn mərasimində sultan sarayının məsul nümayəndəsi Sədrəddin Konəvini cənazə namazını qıldırması üçün ”Ey şeyxlərin padşahı, buyurunuz” -deyə dəvət edən zaman Əkmələddin Naxçıvani sarayın məsul nümayəndəsinə etiraz edərək “Muariff! Ədəbə riayət edin! Şeyxlərin padşahı Hz. Mövlana idi. O da rehlət etdi”.- demişdi (Feridun bin Ahmedi-Sipehsalar. Mevlana ve etrafındakiler. Risale., İstanbul: Tercuman, 1977,  s. 85-86).

Yenə Ə. Əflakinin məlumatına görə Ə. Naxçıvaninin də iştirak etdiyi bir məclisdə Mövlana bir qəzəl oxuyub. Bu qəzəldə  deyilirdi ki, “Qəlbimdə İsa kimi atasız dünyaya gəlmiş elə bir dilbərin surəti vardır ki, Əbu Əli İbn -Sina onu  anlamaq barədə buz üzərindəki eşşək kimi aciz qalar”. Bunun üzərinə Əkmələddin Naxçıvani fəryad edərək “Nə söylərsə Xudavəndigara (Mövlanaya-Ə.Q.) yaraşar. Çünki bütün alim və filosoflar onun xərməninin sünbül toplayanlarıdır. İlahi hakim də o Həzrətdir” -deyərək Mövlananın böyüklüyünü bir daha təsdiq edib.

Əkmələddin Naxçıvani tez-tez Mövlananın böyük oğlu, atasından sonra Mövləvilik təriqətinin şeyxi olmuş Bahaəddin Sultan Vələdlə (1226-1312) görüşər, onunla ədəbi və fəlsəfi söhbətlər edərdi. S. Vələd böyük təbibə ehtiramını divanında “Sən bu dövrdə tibb, hikmət və mərifətdə bir  Əflatunsan. Başında çətir olmasa da  yer üzünü dolanan alimlər sultanısan. Elə bir Bağdad xurmasısan ki, aləmə fəzilət meyvəsi verdin. Bu aləmdə birinin nəsibi tiryək, digərinin nəsibi zəhər olduqca ömrün dövlət, bəxt və səadətlə baqi olsun” cümlələri ilə ifadə edib. Həmin əsərində Sultan Vələd böyük həkimi 41 beytlik bir qəsidə ilə mədh edir. Bu qəsidənin əvvəlindəki iyirmi iki beytin baş hərflərindən “Ekmeleddin Müeyyed el-Nahcuvani” adı çıxır (Divani-Sultan Veled. Haz. Dr. Feridun Nafız Uzluk, İstanbul, 1958,s.230-232).

Ə. Əflakinin rəvayətinə görə yenə bir gün Əkmələddin Naxçıvani mədrəsədə Sultan Vələdlə elmi söhbətlər edərkən  içəriyə Mövlana girmiş, ”Bahaəddin, mənə yaxşı-yaxşı bax”,- demiş. Bahaəddin də “Görəsən, qiyamət günündə də mübarək üzünüzə beləcə baxa biləcəyəmmi”? -deyincə, Əkmələddin özünü saxlaya bilməyərək: “Vallahi, mənim inamıma görə hər kim bu dünyada bir dəfə Mövlananın üzünü görərsə, qiyamət günündə Xudavəndigar (Mövlana-Ə.Q.) onun bütün qohum-əqrəbasına  şəfa verər”. Bunun üzərinə Mövlana: “Vallahi, dünyanın bütün həkimləri sabahları sənin sayəndə bağışlanacaq və mənim üzümü görənlər cəhənnəm üzü görməyəcəklər”- demişdir (yenə orada, s.134).

Bütün bunlardan sonra Naxçıvan torpağının layiqli övladı olan  həkimlər həkimi Əkmələddin Naxçıvaninin həyat və elmi fəaliyyətinin daha dərindən tədqiq olunmasına ehtiyac vardır.

                                                                                                                                          

 

                                                                                                Əbülfəz Quliyev

                                                                                        AMEA-nın müxbir üzvü

          

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: