Cənnət gördüm Çənnəbi - FOTOLAR
Ordubad rayonunun Çənnəb kəndi bənzərsiz gözəlliyi ilə seçilir. Rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən, dağların əhatəsindən boylanan Çənnəbə elə ilk qədəm qoyandan təbiət mənzərələri insanı ağuşuna alır. Təbitəin sonuncu baharı bu yerlərə bir az yubanıb. Ətrafda hələ də yayın əmanəti yaşıllıqlar gözə dəyir. İnsan zəhmətinin,əməyinin rəngi olan bu yaşıllıqlar yurdumun insanının zəhmətkeşliyinin, torpağa bağlılığının bəhrəsidir.
İnsan əlinin yaratdığı gözəlliklərin təzahürüdür Çənnəb. Tanrının bu yerlərə bəxş etdiyi təbiət mənzərələrinin fonunda ucalan yaraşıqlı məktəb binası, kənd və xidmət mərkəzləri çənnəblilərə müasir yaşayış tərzi və rahatlıq bəxş edir. Muxtar respublikamızda geniş vüsət alan quruculuq tədbirləri Çənnəbi də cənnət məkana çevirib. İndi çənnəbli məktəblilər müasir məktəb binasında təhsil alır, sağlam gənclər kimi formalaşırlar. Məktəbin müəllimi Vasif Mehdiyev deyir ki, əvvəlcə kənd məktəbi uyğunlaşdırılmış binada yerləşirdi. Siniflər darısqal, məktəb ləvazimatları yox idi. Bu da tədris prosesində xeyli çətinlik yaradırdı. 2003-cü ildə tikilən yeni məktəb binası çənnəblilərin sevincinə səbəb oldu. 2008-ci, 2012-ci ildə məktəbin təmir olunub yenidən qurulması, lazimi tədris vəsaitləri ilə tam təmin olunması həm təhsilimizə, həm gəncliyimizə həm də bu dağ kəndində yaşayan Çənnəblilərə göstərilən qayğının bir təzahürüdür.
Tikilib istifadəyə verilən kənd və xidmət mərkəzləri sakinlərin rahat yaşayışını təmin edir. Hansısa bir işdən ötrü rayon mərkəzinə üz tutanların sayı azalıb. Və bütün bunları Çənnəbə gətirən geniş və təmirli yollar bu yerlərə gediş-gəliş xeyli asanlaşdırıb. Kənd yolunun asfaltlanması Çənnəbin turizm imkanlarının genişlənməsinə təsirsiz qalmayıb. Təqaüddə olan müəllim Yusif Muradov deyir ki, uzun illər çənnəblilərin həsrətində olduğu asfalt yol arzusu bu gün gerçəkləşib. Nəinki yol, kəndə digər qayğıların göstərilməsi təkcə kənd sakinlərinin doğma yurda bağlılıqlarını artırmayıb, həmçinin turistlərin gəlişini də artırıb.
Şimal tərəfdən Üstüpü, cənubdan Düylün, qərbdən Ülüs, şərqdən Qarovulgədik dağları ilə əhatə olunan Çənnəb kəndi dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Bu gün Çənnəb həm də qədim tarixi ilə öyünür. Yerli sakinlərin dediyinə görə, Çənnəbdəki Kəreyil və Pilləpan qalalarının yaşı eramızın əvvəllərinədək gedib çatır.
Çənnəblilər “torpaq əlli”, ”torpaq dilli”, qonaqpərvər, zəhmətkeş insanlardır. Yaraşıqlı evlərin hər birinin həyətini barlı-bəhərli meyvə ağacları bəzəyir. Ordubadın dillər əzbəri meyvə bağları bu kəndin hər qarışında qarşımıza çıxır. Həm kənd sakinlərinə,həm də bu yerlərə ayaq basanlara qucaq açır, bərəkətindən pay verir.
Kəndi ikiyə bölən çayın üzərində salınan körpü, çay boyu düzülən cəviz ağacları, yeni salınan bağlar, göz işlədikcə uzanıb gedən əkin sahələri zəhmətkeşliyin, torpağa sevginin təcəssümüdür. Kənd sakini Ələsgər Baxşəliyev səhhəti ilə bağlı çətinliyə baxmayaraq torpağa, təbiətə sevgisini əsirgəmir. Çünki o, sağlamlığını, gümrahlğını təbiətlə təmasda tapır. Hər il pay torpağında müxtəlif bostan bitkiləri əkib-becərir.
Çənnəbi cənnətə çevirən insan əməyi ilə yanaşı,həm də ana təbiətin bəxş etdiyi nemətlərdir. Zəngin dərman bitkiləri,burada bitən sumaq, dağdağan ağacları xüsusilə maraq doğurur. Yemişan, həmərsin, zirinc və digər şəfalı bitkilərin sorağına dörd bir yandan insanlar gəlir, təbiətin bu əvəzolunmaz nemətlərindən faydalanırlar. Çənnəblə bağlı ən xoş təəssürat isə yay aylarında ideal istirahət məkanı olan Şəfa bulağından başlayır. Təkcə Şahbulaq deyil, İpli çeşmə, Bədərək çeşməsi və kənddən xeyli aralıdakı Köydərə və Sərinçeşmə şəlalələri də Çənnəbin turizm üçün əlverişli bir yer olmasına təkan verir.
Naxçıvanın daha bir əsrarəngiz gözəlliyinin şahidi olmaq istəyirsinizsə, yolunuzu mütləq Çənnəbə də salın. Uzun hörük kimi dağların boynuna sarılan hamar kənd yolu sizi heç zaman yormayacaq. Çünki dağlarla əhatə olunan bu yol sizi xoşbəxt və firavan həyatın hökm sürdüyü cənnətməkan Çənnəbə aparır…
Hafizə Əliyeva
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı