Qadın təbiətli payızım...

A- A A+

Yenə qədəmlərin dəyir ürəyimə, nəfəsin toxunur tellərimə. Qəlbimi titrədir gəlişin, varlığıma təsir edir gözəlliyin. Aylar boyu yolunu gözləyirəm, fəsilləri sayıram, sən gələsən deyə. Sən bilmirsən bəlkə də. Buna görə gəlməyə tələsmirsən bəzi illərdə...

Ey payızım, möhtacam axı sənə. Heyranam axı bənizinə, rənglərinə. Aşiqəm axı “ruhuna”, hiss etdirdiklərinə.

Qadın təbiətlisən, bilirəm. Sən də solursan, saralırsan gördüyün “soyuqluqdan”. Hönkür-hönkür “ağlayırsan”. “Tərk edirsən” yarpaq-yarpaq. Sən də qatar-qatar, dəstə-dəstə “atılırsan”. Küçə-küçə, ev-ev yalnızlaşırsan.. Amma hər nə qədər yorğun, incik də olsan, sevdiklərini başqalarına möhtac etmirsən. Əsirgəmirsən “bir qab yeməyi”ni onlardan. Süfrələrinə bütün ruzini sərirsən.

Bilirəm. Qadın təbiətlisən sən də. Solğun sinəndə gizlənir neçə möcüzə. Ağuşuna sığınır neçə bala sərçə. Qadın təbiətlisən sən də. “Hönkür-hönkür tökdüyün göz yaşı”ndan sonra sakitləşib, göyqurşağı təbəssümünlə gülürsən üzümüzə. Əsib qopardığın budaqları, “sığallayırsan”, “yaralarını sarıyırsan” nəvazişlə ..

Bilirəm.. Qadın təbiətlisən sən də.. Bir qadının ən qarmaqarışıq, bilinməyən çağısan sən. Gah solğun olur bənizin, gah da ən gözəl boyalara boyanırsan-gözəl görünmək üçün. Bilirəm. Duruşu məğrur, iddialı qadın kimisən. Əyilmirsən hər keçən tufandan. Az-az görsən də “istisinə möhtac qaldığın”ı,  onsuz da bir başqa gözələm-deyirsən. Göstərmirsən kiməsə ehtiyacını. Əzimkarsan, bilirəm. Önünü kəsə bilmir nə bir bulud, nə sırasını səbirsizliklə gözləyən şaxtalı qış..

Bilirəm.. Qadın təbiətlisən sən də.. Anamdan bilirəm, bacımdan, rəfiqəmdən, elə lap özümdən bilirəm.. Gözəlliyindən, qəzəbindən, məğrurluğundan, mərdliyindən, qəlbiyumşaqlığından, soyuqluğundan, şıltaqlığından bilirəm.. Mən bilirəm. Gəlişindən, bəzən də ilişib qalmağından, getməməyindən bilirəm.. Mən sənin geniş qəlbindən bilirəm bunu..

Yerini vermir heç bir fəsil, gözəlliyini əvəz etmir nə yay istisi, nə qış sükutu.. Odur ki, yaxşı ki, sən gəldin, mənim gözəl payızım..

                                                       Səriyyə Alməmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: