Tarixi kəndin bu günü

A- A A+

Köksündə əsrlərin tarixini qoruyan,  min illərin yaşam tərzindən soraq verən Kültəpə   kəndi Babək rayonunun ən qədim kəndlərindən biridir. Naxçıvan şəhərindən 8 km şimal şərqdə, Naxçıvançayın sol sahilində Eneolit–İlk Dəmir dövrünə aid yaşayış yeri   olan Kültəpə abidəsi bu kəndin ərazisində yerləşir.  Dünyaca məşhur Kültəpə abidəsi   kəndin adını nəinki ölkəmizdə, habelə dünyanın bir çox yerində tanıdıb.  Əlverişli mühit burada insanların hələ “tarixin sübh çağında”  məskunlaşmasına imkan verib. 

Bu il Babək rayonunun Kültəpə kəndi də abadlaşıb, müasir infrastruktur yaradılıb. Məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, avtomobil yolu yenidən qurulub.   Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olub.  Kəndi gəzərkən  tam orta məktəbdə   olduq.  Məktəbin həyətində  şəhid Həsən Şahverdiyevin büstü ucalır. 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı  olan məktəb zəngin kitabxana fonduna malikdir. Təhsil ocağında yeni texnologiyalar tətbiq edilir  və 19 kompüter, 3 elektron lövhəli sinif  müəllim və şagird heyətinin istifadəsindədir. 

....Təkcə Kültəpə kəndi üçün yox  bütün kəndlərimiz üçün tikilən  belə müasir təhsil ocaqları isə  təhsilin, elmin inkişafında böyük rol oynayır.

Məktəb işıq, ziyadırsa,  yol da  mədəniyyətdir, inkişafdır. Bu gün Muxtar Respublikamızın bütün yolları abaddır.  Kültəpə kəndinin sakinlərinin də uzun illər yol sarıdan çətinlikləri olub, bu gün isə  kəndin dörd bir tərəfi , kənddaxili yollar belə qalın asfaltla örtülüb.  

Kəndin  ən uzunömürlü  sakini, dünyagörmüş qocalarından biri  93 yaşlı Dağıstan baba deyir ki, kəndimiz heç vaxt belə gözəl görkəm almayıb. Bura artıq kənd yox şəhərdir.  Rahat şəraitimiz , asfalt yollarımız var. Kültəpə kəndi tanınmaz dərəcədə dəyişilib. 

Bu gün kəndlərimizdə müasir avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının, tibb məntəqələrinin də   istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir.

Əhalinin sağlamlığının keşiyində duran , müasir standartlara cavab verən  həkim ambulatoriyaları  və digər sağlamlıq mərkəzlərində tibbin ən son nailiyyətləri tətbiq olunur. Kültəpə kəndindəki  həkim ambulatoriyası da lazımi tibbi avadanlıqlarla təchiz edilib, kənd sakinləri işlə təmin olunub, səhiyyə ocağında elektron qeydiyyat sistemindən istifadə isə  gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu gün  Kültəpə  kəndinə yolu düşən hər kəs  yaradılan şərait qarşısında öz heyranlığını gizlədə bilmir. Abadlaşan  kəndin  bu günü sakinlərin böyük minnətdarlığı ilə qarşılanır. Kənddə sosial qayğılar da həllini tapıb. Hər bir məsələ elə yerindəcə həll olunur.

Kənddə süd məhsulları müəssisəsi , lavaş sexinin də fəaliyyət göstərməsi sakinlərin işlə təminatında  mühüm rol oynayır.  Kənd təsərrüfatı  kəndlərdə yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır.  Kültəpə kənd sakinləri də bağçılıq, əkinçilik, maldarlıq və  quşçuluqla məşğul olaraq  gəlirlərini bu sahələrdən əldə edirlər. 

Başlıcası isə  odur ki bu sahəyə göstərilən dövlət dəstəyi  kənd sakinlərinin,  fermerlərin marağını daha da  artırır.  2016-cı ildə  Kültəpə və Kərimbəyli kəndlərində torpaqları suvarma suyu ilə təmin etmək, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə yeni suvarma şəbəkəsinin  istifadəyə verilməsi  də  kənddə suvarma imkanlarını yaxşılaşdırılıb.  Atalar yaxşı deyib ki, su dirilikdir, su həyatdır. Bir vaxtlar  susuzluqdan  cadar-cadar olmuş   bu çöllər  indi  gülüstana çevrilib.  Bir vaxtlar Kültəpə kəndində əkilməyən, ilan mələyən çöllərə indi bol su gəlir, torpaqlardan daha yaxşı istifadə olunur. Payız günlərində də tarlalarda alın təri tökən kənd sakinlərinin zəhmət dolu günləri  yaşanır, texnikalar işləyir, payız şumu aparılır. Növbəti ilin taxıl məhsulu üçün artıq 150 ha-dan çox  sahədə şum aparılıb. 

Payız libasına bürünən geniş çöllər, kəndin gözəl mənzərəsi  bir-biri ilə həmahəng yaradır.  Günəş şəfəqlərini  yığaraq səmada itir, kəndin hüsnü işığa qərq olur, bu işıqlarda isə kəndin bu günü daha aydın görünür.

               Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: