Fiziki zorakılığın səbəb olduğu psixolojik travmanın fiziki yaralar qədər tez sağalmadığını yəqin ki, çoxumuz bilirik. Uşaqlıq dövründə fiziki zorakılığa məruz qalan uşaqlarda bu halın mənfi təsirləri daha çox yeniyetməlik və ya gənclik dövrlərində ortaya çıxır.
Zorakılığa şahid olmaq belə uşağa çox mənfi təsir edir və zorakılığın yol açdığı psixolojik problemlər qalıcı olur.
Aqresiya və zorakılıq kimi davranışları uşaqlar ətraf mühitdən öyrənir. Uşaq bu təsirlərə məruz qaldığı zaman böyüdükdə eyni zorakılığı, bəzən hətta daha da artığını ətrafındakı insanlara tətbiq edir.
Bəzən valideynlər uşağın fiziki cəzadan mənfi yöndə təsirlənməyəcəyini, ya da uşağın yaşadıqlarını tezliklə unudacağını düşünür. Ancaq uşaqlar unutmazlar. Ailə içərisində fiziki şiddət görən uşağın, digər uşaqlara nəzərən daha yüksək səviyyədə ünsiyyət və davranış probleminin olduğu bilinir. Zorakılıq, aqresiya kimi davranışlar uşaqlar ailə böyüklərindən öyrənir. Fiziki və sözlü zorakılıq uşaqların qorxu və nigarançılıq yaşamasına, əsəbi olmasına, yuxu pozğunluqlarına, davranış problemlərinə, inkişafın geri qalmasına, mənlik idrakının formalaşmasında problemlərə, yəni özünə hörmət hissinin yaranmamasına, başqalarına qarşı güvən əksikliyinə, depresiya kimi bir çox mənfi vəziyyətlərin ortaya çıxmasına səbəb olur.
Aqresif insanlar fiziki zorakılıq tətbiq etməyə meyilli olur və yüksək səslə, qışqıraraq danışmaqla qarşısındakı insanı qorxutmağa çalışırlar. Belə insanların ünsiyyət qurma ilə bağlı problemləri vardır. Xüsusilədə özlərindən kiçik və gücsüz insanlara qarşı zorakılıq istifadə edərək qarşısındakını qorxudurlar. Bu vəziyyət valideyn ilə uşaq arasında tez-tez yaşanır. Halbuki , uşaqlar qorunmağa və sevgiyə ehtiyacdılar.
Uşaq nə edərsə etsin cəza verməklə uşağa qəti şəkildə zorakılıq tətbiq edilməməlidir. Bu vəziyyətdə uşağın sizdən öyrənəcəyi tək şey özündən gücsüzə şiddət göstərməkdir. Bunu da bilməliyik ki, uşaqlar həyatı valideynləriylə qurduqları əlaqədən öyrənirlər. Valideynlər uşaqları doğulduğu andan etibarən onlara qarşı səbrli və qayğılı davranmalıdılar. Bu vəziyyət xüsusilə sıxıntılı, stresli, yorğun, ya da məyus hiss edilən zamanlarda ya da uşağın baxımında ana-ataya kömək edəcək bir ailə böyüyü olmadığında çətinləşə bilər. Hər valideyn bəzən çətin günlər keçirə bilər. Bu onların yaxşı valideyn olmadıqlarının göstəricisi deyil. Əsas odur ki, problemin həll yolları tapılmalıdır. Yəni problemlərə aqresif şəkildə yanaşmaq heç nəyi həll etmir.
Valideynlər uşaqlarına necə davranmalıdılar?
Əziz valideynlər! Uşağınıza zaman ayırın. Uşağınızı qucaqlayın, öpün, toxunun, tumarlayın, onu sevdiyinizi söyləyin. Uşağınızdan qaçmayın, uzaq durmayın. Söylədiklərinə və düşüncələrinə hörmətlə yanaşın. Uşağınızı olduğu kimi qəbul edin. Ona olan sevginizi şərtli şəkildə göstərməyin. Yəni ona olan sevginizi sizin xoşunuza gələn davranışlar sərgilədiyi zamanlarda deyil, hər zaman göstərin. Onunla təhqir edici şəkildə danışmayın. Mənfi bir şey etdiyində kəskin reaksiyalar verməyin,uşağınıza zorakıliq tətbiq etməyin. Əgər istəmədiyiniz bir şeyi uşağınıza söyləsəniz, ondan üzr istəməkdən əsla çəkinməyin. Bu şəkildə uşağınız böyüklərində səhv, xəta edə biləcəyini və bunu izah edə biləcəklərini görəcək.Siz onun səhvlərini anlayıb bağışladığınız zaman o da valideynlərinin xətalı davranışlarını bağışlamağı öyrənəcək və daxilən sizə kin bəsləməyəcək. Uşağınızın yaxşı davranışlarını öz təqdirinizlə dəstəkləyin. Siz valideynlər uşağın müsbət davranışlarını dəsdəklədikcə bu davranışlar çoxalacaq.
Günay Hüseynquliyeva
Uşaq pedaqoqu