“Ailə təsərrüfatı məhsulları” festivalı, yaxud məhsul bayramı... - FOTOLAR

A- A A+

Xalqımızın təsərrüfatçılıq ənənələri kimi etnoqrafiyası da zəngindir. Etnoqrafların dediyinə görə, oktyabr-noyabr ayları ta qədimdən əkinçi və maldar ata-babalarımız üçün ən məhsuldar dövr hesab olunub. Çünki məhz ilin-günün bu vədəsində çəkilən zəhmətin bəhrəsi görülüb, bir çox meyvə-tərəvəzlərin tədarükünə başlanılıb, başqa sözlə, qış hazırlığı da görülüb. Elə bu vaxt etnoqarfiyamızda “Mihrican” – yəni, “Məhsul bayramı” qeyd olunarmış. İnsanlar bayram vaxtı verdiyi bol ruzi-bərəkətə görə Uca Yaradana şükür edər, bunu el şənliyi halında qeyd edirlərmiş.

Zaman keçir, cəmiyyət və nəsillər dəyişilir, amma etnoqrafiyamız və kökü min illərin o tayına dayanan, sınaqdan çıxan adətlərimiz bu gün də yaşadılır. Fikrimcə, Naxçıvanda hər payız keçirilməsi ənənə halını almış “Ailə təsərrüfatı məhsulları” festivalı məhz qeyd olunan “Mihrican bayramı”nın müasir formasıdır.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan builki festival da eynilə yüksək əhval-ruhiyyə, bayram ab-havasında keçirildi. Musiqi və yallı kollektivlərinin bir-birindən maraqlı çıxışları festivalı daha da rəngarəng etdi. Bəs 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması festivala hansı yenilikləri bəxş etdi, təsərrüfatçılar bu il nə qazandılar?..

Həftəsonu olduğu üçün böyük bir insan kütləsi qalaya –artıq üçüncüsü keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına tələsirdi. Öyrənirəm ki, bu il təkcə Babək rayonundan 300-ə yaxın məhsul növü festivala çıxarılıb. Tanış ailə təsərrüfatçıları qahablı Hünər Qasımov, nehrəmli Tofiq Abutalıbov da festival iştirakçısıdır. Hünər Qasımov doğma kəndində “Böyük dağ” əmtəə nişanı ilə satışa çıxarılan süd məhsullarının emalı sahəsinə rəhbərlik edir.Bu il qardaşı ilə birlikdə əlavə dövlət maliyyə dəstəyi alıb, ayran və dovğa istehsalına da başlayıb.

Qocaman təsərrüfatçı, təcrübəli aqronom Tofiq müəllim isə festivala 16 növ məhsul çeşidi çıxarıb və onların arasında ilk dəfə olaraq qarpız doşabı da var. Aşağı buzqovlu Hüseyn müəllim də aldığı kredit hesabına 10 arı ailəsi alıb. Siyahını uzatmaq olar. Çünki Naxçıvanda aqrar sektorun əsasını təşkil edən ailə təsərrüfatlarına cari ildə çox böyük dəstək göstərilib. Bunu təkcə Babək yox, bütün rayonların timsalında görə bilərik.

Festivalda diqqəti məqam odur ki, hər kəs yaşadığı kəndin, şəhərin, qəsəbənin təsərrüfatçılıq ənənələrinə xas olan məhsulları istehlakçıya təqdim edir. Məsələn, Yaycı soğanı, Kükü alması, Ərəfsə cəvizi, Gərməçataq balı, Sədərək lavaşı, Naxçıvan qovurması, növbənöv turşular, min bir dərdin dərmanı olan müalicəvi otlar isə Şahbuz təbiətindən toplanılıb, qablaşdırılıb satışa çıxarılıb. 

Bu il müvafiq dövlət orqanları muxtar respublikanın şəhər və rayonlarını tək-tək gəzib, demək olar ki, bütün ailə təsərrüfatçıları ilə görüşüb və onlara məhsullarını qabalaşdırmaq üçün verilən dövlət maliyyə dəstəyi barədə geniş izahat veriblər. Festivalda isə bu sahədə görülən işlər göz önündə idi. Çünki məhsulu istehsal etmək işin bir tərəfidirsə, onu qablaşdırıb nümunəvi və səliqəli qaydada alıcıya təqdim etmək digər bir tərəfidir. Etiraf edək ki, uzun illər ailə təsərrüfatçıları üzüm yarpağının turşusunu mineral sular üçün nəzərdə tutulan plastik butulkalarda satışa çıxarırdılar. Eynilə süd məhsulları da kustar üsulla hazırlanmış qablara yığılırdı..

Amma bu gün bu iş kəndlərdə belə tətbiq edilir. Nehrəm kənd sakini , “Xalaoğlu” kəndli-fermer təsərrüfatının başçısı Rafiq Əliyev dövlətdən dəstək alıb və öz doğma kəndində plastik qablarının emalı sahəsini yaradıb. Əvvəllər qonşu ölkələrdən gətirilən bu məhsullar indi Nehrəmdə daha keyfiyyətlə istehsal olunur. Bu da “Ailə təsərrüfatları ili”nə daha bir töhfə...

Yerli və xarici qonaqların, əcnəbi tələbələrin böyük maraq göstərdiyi festivalda stendlərin dizaynı da göz oxşayır. Festivala hər kəs ciddi hazırlaşıb və belə demək mümkünsə, stendlərin tərtibatında yaradıcı ideya ortaya qoyulub. Bu festival Naxçıvan üçün həm də bir təbliğat vasitəsi, təsərrüfatçılıq ənənələrinin yaşadılması, tanıdılması deməkdir.
   

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzetinin redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: