NUHÇIXAN xəbər verir ki, Pakistanın tns.thenews.com.pk saytında Naxçıvanla bağlı geniş yazı dərc olunub. Yazının müəllifi Səba Gül adında səyyahdır. O qeyd edir ki, Türkiyənin Antaliya şəhərində istirahət edərkən gəzmək üçün daha münasib bir yer axtaran zaman Naxçıvanı ona məsləhət biliblər. Oradan Naxçıvana gələn pakistanlı turist burada rastlaşdığı gözəllik və qonaqpərvərliyin vurğunu olub. “Türk dilini bilən hər kəs üçün Naxçıvanda gəzib dolanmaq çox asandır. Amma mən bir şeyi müşahidə etdim ki, burada türk dilini bilməyən çox sayda turist var və naxçıvanlılar onlarla asan və rahat ünsiyyət qururlar”- deyə pakistanlı qonaq öz təəssüratlarını bölüşür.
Qonaq olaraq bir ailənin evində qalan turist ev sahiblərinin ona qarşı mehribanlığından təsirləndiyini yazır. “19-cu əsrin məşhur fransız səyyahı Aleksandr Dümanın yazdığı kimi, Azərbaycanda istənilən qapını döyüb əcnəbi olduğunu və gecələməyə yerin olmadığını demək kifayətdir ki, ev sahibi ən böyük otağını sənə versin və qaldığın müddətdə qulluğunda dursun”- bunun Naxçıvanda şahidi olduğunu etiraf edən Səba Gül Naxçıvan şəhərində ucaldılan Nuhun türbəsi, Nuhla bağlı yaşayan əfsanə və real həqiqəti əks etdirən məqamlara da toxunur. Şəhərin adının da məhz bununla bağlı olduğu vurğulanır.
Əshabi-Kəhfi gəzən turist buranın haqqında və yerinə yetirilən dini ayinlərlə bağlı oxuculara geniş məlumat verir. “Saat Meydanı” Turistik-İstirahət Mərkəzi, Bayraq Meydanında gəzərək Naxçıvanın gözəlliyi və müasirliyini xüsusi qeyd edir.
“Mən etiraf edim ki, tarix və xoş xatirələrlə dolu bu səfər uzun müddət mənim yadımdan çıxmayacaq”- deyə Səba Gül öz məqaləsinə yekun vurub.