Əbülfət Mədətoğlu: Naxçıvanda açdığım səhər-ikinci yazı - FOTOLAR
Yazıma başlamamışdan öncə oxuculardan diqqətsizliyə görə üzr istəyirəm. Mexaniki olaraq Naxçıvan Ali Məclisinin deputatı, qələm yoldaşım, həmkarım, yazıçı-publisist dostum, son dərəcə sadə və təvazökar insan olan Fərəc müəllimin soyadı məqalədə yalnış getmişdi. Və elə bu yalnışlığın özünü bir naxış sayaraq demək istəyirəm ki, hava limanından şəhərə gələndə dostum Əbülfəz Ülvi sözarası soruşdu:
- Öncə hara gedəcəyik?
Təbii ki, mən də əvvəlcədən özüm üçün müəyyənləşdirdiyim hazır cavabı dərhal dilimə gətirirəm və deyirəm:
- Yazıçılar Birliyinə!
Hiss edirəm ki, cavabım Əbülfəzin də ürəyincə oldu. O da gülümsəyərək dedi:
- Asim də, Fərəc də səni indi orada gözləyirlər…
Səhər yeməyindən sonra Yazıçılar Birliyinin yerləşdiyi məhəlləyə gəldik. Doğrusunu deyim ki, belə bir mötəbər binanın üst qatında yazıçılar üçün yer ayrılması, onlara görüşmək, həmsöhbət olmaq, fikir bölüşmək, bir-birindən xəbər tutmaq imkanı yaratmaq çox ürəyimcə oldu. Hiss etdim ki, Naxçıvanda sözün, qələmin, söz adamının yeri, nüfuzu yetərincədi. Təbii ki, bu, zaman-zaman, necə deyərlər, kərpic-kərpic qurulub ucaldılmış bir ənəndi. Bu ənənə şəhəri bəzəyən müqəddəs ünvanların timsalında da özünü göstərir. Mən ötən səfərimdə ziyarət etdiyim Hüseyn Cavid ocağının, Möminə Xatun türbəsi və digər böyük aydınlarımızın adını daşıyıb ruhunu əbədiləşdirən məkanların timsalında bu gün Naxçıvanda yaşayıb, yazıb-yaradan söz adamlarına olan münasibətə bir iç rahatlığıyla baxıb hər şeyin kökdən, soydan gəldiyinə bir daha əmin oldum. Və buradaca onu da vurğulayım ki, Yazıçılar Birliyinin ünvanı kifayət qədər tanınan və binanın özünün görkəmi də sözün çəkisinə, sambalına güc, maraq, diqqət əlavə edən bir səviyyədədir.
Bu da Asim Yadigarın iş otağı. Naxçıvan yazıçılarının rəhbəri olan Asim müəllim həm də Muxtar Respublikanın Ali Məclisinin deputatıdır. Elə onunla birlikdə indiki anda görüşdüyüm Fərəc Fərəcov da Ali Məclisdə təmsil olunur. Mən hər iki dostumla çox səmimi, könülə rahatlıq verəcək bir sevgiylə görüşürəm. Və hər ikisinin də baxışlarından, təmasından duyuram ki, ilin-günün bu məqamında qapılarını döyən dostun gəlişindən məmnundular. Sanki onlar bizim görüşümüz üçün mənim hazırlaşdığım, təlaşlandığım səviyyədə və bəzən də ondan artıq hisslər, duyğular yaşayıblar. Söhbətləşirik. Bir-birimizdən hal-əhval tuturuq. Naxçıvan əbədi mühiti barəsində ayaqüstü də olsa bilgilər əldə edə bilirəm. Hətta öyrənirəm ki, Ali Məclisin sədri Naxçıvan yazarlarına bu məkanı bağışlayanda, daha dəqiq ifadə etsəm, onlar üçün işləmək şəraiti yaradanda vurğulayıb ki, Naxçıvanın ədəbiyyat adamları Azərbaycanın və dünyanın ədəbi mühitində bundan sonra da özlərini, imzalarını diqqət mərkəzində saxlayacaqlar. Axı bu ədəbi mühitin ünlü simaları yetərincədi. Sözarası Asim müəllim onu da vurğulayır ki, Yazıçılar Birliyinin kitabxanası da var, istəsən baxa bilərsən. Çox böyük həvəslə kitabxanaya baş çəkirəm. Dünya ədəbiyyatının nümunələri ilə yanaşı, Azərbaycanın, eləcə də Naxçıvanın ədəbiyyat adamlarının, yəni yazarlarının işıq üzü görən kitablarından nümunələr bu kitabxanada çox səliqəli bir şəkildə yerləşdirilibdir. Mənim üçün maraqlı olan məqamlardan biri də bu oldu ki, Yazıçılar Birliyinin azsaylı əməkdaşları bu müqəddəs ünvanı və onun işlərini elə rahatlıqla yerinə yetirirlər ki, nə respublika rəhbərliyi, nə də naxçıvanlı yazarlar narazı qalmırlar. Amma ürəyimdən keçən bir məqamı da burda dilə gətirmək istərdim. Zənnimcə, Birliyin böyük bir zalının da olması və burada oxucularla görüşlərin təşkilinə şərait yaradılması həm ədəbiyyatımızın, həm də Muxtar Respublikanın ictimai-siyasi həyatının daha da rəngarəng olmasına bir dəstək, bir yardım ola bilər…
Yazıçılar Birliyindəki söhbət zamanı mən bir daha əmin oldum ki, Muxtar Respublikada insanların təkcə daxili yox, həm də bir ictimai-siyasi rahatlığı da öz axarıyla gedir. Adamlar burda doğulduqlarına, yaşadıqlarına görə, həm Allahdan, həm də özəl talelərindən çox məmnundular. Tam səmimi bir şəkildə söyləmək istərdim ki, həmin anda mənim də içimdən bu qədim şəhərin sakini olmaq arzusu gəlib keçdi. Və elə oradaca dostlarıma söyləməsəm də, elə ürəyimdəcə yazdım ki:
Yağış, ara ver yağmağa,
Ruhumu özünə köçür…
Gəlmişəm oğlun olmağa
Məni köynəyindən keçir -
Qədim şəhər!
Tənha gəzib dolaşıram
Saf havana bulaşıram…
Bax gör sənə yaraşıram?
Mənə ümid nuru içir –
Qədim şəhər!
İtirdiyim yurd adına
Qoşuldum Boz Qurd andına!
Məni də qat həyatına
Könlüm yalnız səni seçir –
Qədim şəhər…
Bəli, biz Yazıçılar Birliyindən çıxıb öncə Şəhidlər Xiyabanını ziyarət edirik. Torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş bu insanların ruhu önündə baş əymək, onlara ehtiram göstərmək hər kəsin borcudur. Özü də təkcə vətəndaşlıq borcu yox, həm də insanlıq borcudur. Söz, qələm adamı olaraq mən də dostlarımla birlikdə həmin ünvanı ziyarət etməyi və ordakı bir anlıq sükut zamanı o ruhların həmsöhbətinə çevrilməyi hələ Bakıda olanda qərarlaşdırmışdım. Dostlar da istəyimə dəstək verdilər. Doğrudur, iş zamanı olduğundan vəzifəsini icra edən dostların bu tədbirə qatılmaması heç də məni sıxmadı. Öncə ona görə ki, onlar zaman-zaman bu ziyarəti gerçəkləşdirirlər. İkincisi isə mən Naxçıvana etdiyim bu səfərdə öncədən kimlərisə işdən ayırmaq, kimlərinsə işinə problem yaratmaq istəyindən uzaq olmuşam. Özlüyümdə qərar vermişəm ki, bu qədim şəhəri təkbaşıma gəzib dolaşacam. Və bu istəyimi də hələ ki, içimdə gizlədib saxlayıram. İstəmirəm ki, dostlarım bu istəyimə görə narahatlıq keçirsinlər…
Bu da Şəhidlər Xiyabanı! Son dərəcə gözəl bir memarlıq, bir rəhbərlik və bir də ehtiram nümunəsi… Hər tərəfdə gül-çiçək və bu gül-çiçəyin ətri hopmuş bir sükut… Mən bu Şəhidlər Xiyabanında şəhidlərin hamısına eyni bir münasibətin, eyni bir yanaşmanın şahidi olmaqla bərabər, həm də bir qürurun da ağuşuna düşdüm. Xiyabanda xidmət edən, yəni orada təmizliyə, yaşıllığa görə məsuliyyət daşıyan insanların üzlərinə baxıram. Onlar bu xidmətdən bir məmnunluq duyurlar. Onlar bu xidmətin savab olduğunu sanki özlərinə hopdurublar. Ona görə də adamların çöhrəsindəki ifadələri sözə çevirmək, misralamaq və onu bitkin bir fikir kimi ifadə etmək həm çətin, həm də son dərəcə maraqlıdı.
Bilirsiniz, bu ifadələr, bu fikirlər Tanrı ilə bəndəsinin arasındakı zaman və məkan kəsiyini dualarla tamamlayıb, dualarla bəzəyibdi. Çünki şəhidlərimizin Tanrı dərgahında olan yeri yalnız və yalnız dualarla, gül-çiçəklə bəzənmək və xatırlanmaq üçün nəzərdə tutulub. Onları başqa cür anmaq, başqa cür onlarla təmas qurmaq məncə mümkün deyil. Elə ona görə də mən hələ hava limanında olarkən çox narın bir şəkildə çilənən yağışın birdən-birə şıdırğı gürşada çevrilməsini çox normal qəbul etdim. Və həmin an bu yağışın mənim yol yorğunluğumu, mənim iç dünyama yük olan qayğılarımı, ağrı-acımı necə yuduğunu da hiss etdim...
Şəhidlər Xiyabanındakı ziyarətimizi başa vurub Fərəc müəllimlə, Əbülfəz müəllimlə birlikdə elə buradaca tanış olduğum şəhid qardaşı Yalçınla söhbət edirəm. Qardaşının Sədərəkdə şəhid olduğunu öyrənirəm. Və onu da öyrənirəm ki, İlkin 1992-ci il may ayının 19-da snayper gülləsinə tuş gəlib. O, Naxçıvan polisinin nəzdindəki xüsusi təyinatlı dəstənin 14-cü bölüyünün üzvü olub. Onun qəhrəmanlığı barəsində Naxçıvanda hamı ağızdolusu danışır…
Mənə elə gəlir ki, hər bir insan üçün ürəyinə, ruhuna, dünyasına, əqidəsinə doğma olan kəslərlə bir masa ətrafında, bir süfrə başında oturmaq, fikir bölüşmək, çay içib həmsöhbət olmaq təkcə unudulmaz anlar deyil, həm də yaddaqalan ömrü mənalandıran, şirin xatirəyə çevirən məqamlardı. Bu məqamların ömrü onun iştirakçısının ömrü qədərdi. Və mən də indi dostların əhatəsində Naxçıvanın yaddaqalan, maraqlı, həm də görünüşü ilə insanda xoş təəssürat yaradan və naxçıvanlıların "Söyüdlü” adlandırdıqları güşəyə çəkilirik…
Nahar fasiləsidi. İndi Asim müəllim də bizə qoşulubdu. Əslində bu nahar etməkdən daha çox bir poeziya, ədəbiyyat adamlarının bir araya gəlməsidi, dəyirmi masasıdı. Bir-birindən, bir-birinin yaradıcılığından, bir-birinin ailəsindən, iş-gücündən xəbər tutmasıdı… Biz də belə edirik… Fərəc müəllimin hekayələrindən başlayıb Əbülfəz müəllimin poeziyasına, Asim müəllimin poemalarına və mənim «Ədalət»in səhifələrində işıq üzü görən yazılarıma münasibətləri, özü də sərt oxucu mövqeyi ilə münasibətləri dilə gətirə-gətirə bu torpağın ruzi-bərəkətindən dadırıq… Yağış isə yenə narın-narın yağır.
(Ardı var)