Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universitetində tədbir keçirilib. Naxçıvan Dövlət Universitetindən müəllim və tələbələrin də qatıldığı tədbirdə əvvəlcə sərgiyə baxış olub. Sərgidə Naxçıvanın tarixi və turistik yerlərini əks etdirən 20 foto və 15 rəsm əsəri nümayiş olunub.
Sonra Qaradəniz Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru Hikmət Öksüz Azərbaycan və Türkiyə Cümhuriyyətinin genişmiqyaslı münasibətlərindən və tarixi əlaqələrindən danışıb.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov muxtar respublikanın 95 illik inkişaf tarixindən, Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov XX yüzilliyin əvvəllərində muxtariyyətə gedən yolda Naxçıvanın Türkiyənin dəstəyi ilə apardığı qurtuluş mübarizəsindən danışıblar.
Sonra hər iki ölkənin musiqi və rəqs nümunələrindən ibarət konsert olub.
Qeyd edək ki, hər iki universitet arasında Erasmus Key Action proqramı çərçivəsində tələbə-müəllim mobilliyi, ortaq proqram, simpozium, konfranslar keçirməyə dair qarşılıqlı müqavilə var. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri artıq iki ildir ki, Qaradəniz Texniki Universitetdə təcrübə kursu keçirlər.
Səadət Əliyeva