Uzaq Tayvan üçün yaxın Naxçıvan... - FOTOLAR
Naxçıvanın turizm potensialı artıq dünyanın hər tərəfindən bura gələn turistlərin marağına səbəb olur. Təbii ki, qədim tarix, müasir şəhərsalma mədəniyyəti və təmizlik əcnəbiləri özünə bağlayan əsas amildir. Naxçıvanla bağlı növbəti material Tayvanın turizm saytı backpackers.com.tw-də işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan-Azərbaycanın əsas hissəsindən qoparılan diyar” başlıqlı yazının müəllifi Da Shi Ol adlı istifadəçi bu ilin yayında Azərbaycanda olduğunu və Bakıdan Naxçıvana yollandığını qeyd edir. Tayvanlı izləyicilərə Naxçıvanın tarixi, coğrafiyası, bugünkü idarəçilik sistemi ilə bağlı ətraflı məlumat verilir. Naxçıvanın Ermənistan tərəfindən Azərbaycandan ayrı salındığı və bura paytaxt Bakıdan ancaq təyyarə ilə, o da İran ərazisinin üzərindən keçməklə getməyin mümkün olduğu deyilir.
Naxçıvanı bir neçə gün gəzən səyyah buradakı nəqliyyat və otel xidmətlərinin səviyyəsi, qiymətləri də müqayisəli şəkildə qeyd edib. Naxçıvanın təmizliyi, tarixi abidələrlə zənginliyi və qədim ənənələrin yaşadılması qonaqda xoş əhval-ruhiyyə yaradıb. “Naxçıvan Azərbaycanın dünyaca tanınmış siyasətçisi və dövlət başçısı olan Heydər Əliyevin vətənidir. Buranın çiçəklənməsi də məhz Heydər Əliyevin dövründən başlanıb”,- deyə yazıda qeyd edilir.
Naxçıvanda keçirilən “Göycə” Festivalına qatılan tayvanlı turist buranın mədəniyyəti və orqanik olan meyvələri ilə yaxın regionda məşhur olduğunu yazır.
Möminə xatın türbəsi, Qarabağlar Türbə Kompleksini ziyarət edəndən sonra qonaq burada qadına hələ 800 il əvvəl ehtiram göstərildiyini deyir. Əlincəqalanı isə Yaxın Şərqin ən güclü qalası və təbii ki, Azərbaycanın Maçu-Pikçusu kimi təqdim edir. Naxçıvanda yaşayan Nuh əfsanəsi və məşhur Haçadağ da tayvanlı turistin diqqətini çəkən əsas məqamlardandır.
Da Shi Ol yazdığı məqalədə Naxçıvanın fotolarını da yerləşdirib.
Anar Tağıyev
NUHÇIXAN