Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamları ilə vətəndaşlara ödənilən təqaüd və sosial müavinətlərin artırılması da əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamıdır.
Ölkə başçısının 2018-ci il fevralın 20-də və 22-də imzaladığı Fərman və Sərəncamlara uyğun olaraq şəhid ailələrinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olanların, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriylaradan olan şəxslərə, sosial müavinət alan birinci qrup əlillərə ödənilən prezident təqaüdlərinin məbləği mart ayının 1-dən etibarən 10 faiz artımla ödəniləcəkdir. Bundan əlavə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdü isə 1300 manatdan 1450 manata çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli digər Sərəncamına uyğun olaraq 2018-ci il martın 1-dən etibarən fəxri adlara görə təqaüdlərin də məbləği artırılmışdır. Sərəncama görə “Xalq” fəxri adı alanlara 150 manat, “Əməkdar” fəxri adı alanlara isə 100 manat ödəniləcəkdir. Dövlət başçısının 2018-ci il 23 fevral tarixli Sərəncamları ilə yaşa görə, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə ödənilən aylıq müavinətlər, həmçinin uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlər 2018-ci il martın 1-dən 10 faiz artımla ödəniləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 23 fevral tarixli Sərəncamına əsasən isə muxtar respublikanın fəxri adlarına görə aylıq təqaüdün məbləği artırılaraq 50 manat müəyyən edilib.
Qeyd olunan artımlar muxtar respublikada ümumilikdə 15 min 176 nəfəri əhatə edəcəkdir. Bu məqsədlə dövlət büdcəsindən orta hesabla 1 milyon 100 manata yaxın əlavə vəsaitin ayrılması təmin olunacaqdır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.