Peşə bayramın mübarək, əməkdaş!

A- A A+

2011-ci ilin dekabr ayının son günləri idi. Birinci kurs tələbəsi idim. Amma arzularım daha böyükdü. Televiziyada işləmək istəyirdim. Ona görə də bu arzunun ardınca Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə gəlib çıxmışdım. Təsəvvür edirsinizmi, gənc, utancaq bir qızcığaz Naxçıvan teleradiosunun böyük qapılarından daxil olur. O zamanlar belə bir qayda vardı- televiziyada işləmək üçün əvvəlcə radioda təcrübəçi olmaq lazım idi. Buna görə də məni Naxçıvan Dövlət Radiosuna göndərdilər. Radio binanın 3-cü mərtəbəsində idi. Ora getmək üçün pillələrlə qalxdıqca ürəyim daha da zərblə döyünürdü. İlk iş, ilk kollektiv, həyatın qoynuna atılan addımlardan biri... Qalxdıqca sanki pillələr qaçırdı ayağımın altından. Və nəhayət sanki minlərlə pillə qət edənlərtək radioya çatdım...

...Səslər, ünsiyyətlər, gülüşlər... Bir az da qorxu düşdü canıma... İndiyə kimi öz aləmində yaşayan biri dil tapa biləcəkdimi başqaları ilə? Beyində suallar, qəlbdə tərəddüd... Həyəcan da öz yerində.

Otaqlarda bir fərqlilik vardı. Hamı yeni ili qarşılamağa hazırlaşırdı. Bəzədilmiş otaqların al-əlvanlığı soyuq qış günündə sanki yaz rəngləri paylayırdı. Salamlaşdıq. Studiyaya daxil oldum. Xəbər oxumalı idim. Hələ də xatirimdədir,"Şərq qapısı" qəzetindən 2011-ci ildə muxtar respublikada tikilən məktəblərin statistikası ilə bağlı xəbəri oxudum... Etiraf edim ki, daha yaxşı oxuya bilərdim, sadəcə ürəyimin döyüntüsünü boğazımda hiss etməsəydim. Amma yenə də məni seçdilər.

Və başladı... Kiçik bir qızın radioya böyük sevgisi başladı. Əvvəlcə radio, sonra isə televiziya..

Nədənsə komitədə atdığım heç bir addımın tarixini unuda bilmirəm. 2012-ci il may ayının biri efirlə, suflyorla ilk tanışlıq və ilk işə görə uğurlu nəticə. Artıq hər gün efirdə olacaqdım. Məni daha böyük fədakarlıqlar gözləyirdi. Qeyd etmişdim, həm oxuyur, həm də işləyirdim. Tezdən işimə, günorta dərsimə tələsirdim. Ya da əksinə...Üç il boyunca bu belə davam etdi.

...2014-cü il iyunun 21-i ailə vəziyyətimlə bağlı ayrılmaq məcburiyyətində qaldım. Həmin gün son efirimə çıxıb vida etməliydim... Sağollaşdım. Sonra yadımda qalan tək hıçqırıqlarım oldu. Ayaqlar aparmırdı məni evə. Çıxa bilmirdim idarədən, ayrıla bilmirdim yoldaşlarımdan. Axı necə bilərdim orada “mənim ailəm”dediklərim və həyatda heç nə ilə tərəziyə qoya bilmədiyim işim vardı. Bir təsəllim isə komitə sədri Sahil Tahirlinin sabah keçirəcəyi iclasda mənim də iştirak etməm idi. O iclasda Naxçıvan televiziyası və radiosunun canlı tarixləri-Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, tanınmış jurnalist Arif Həbibov, şair Muxtar Qasımzadə vardı... Onlardan öz haqqımda eşitdiyim dəyərli sözlər mənə qol-qanad verdi. Sahil Tahirlinin "nə zaman istəsən qapımız sənə açıqdır, sənlə çalışmaq bizim üçün çox xoşdur" ifadəsi isə gələcək ümidlərin təməli idi. Bu görüşdə unutmayacağım daha bir məqam, komitəmdən xatirə olsun deyə mənə alınan saatı heç zaman unutmuram. Artıq 6 ildir sevə-sevə istifadə etdiyim aksesuarıma çevrilib bu dəyərli zamanı ölçən cihaz.

Televiziya ilə ilk ayrılığım il yarım çəkdi. Əgər o günlərin necə keçdiyi ilə bağlı sual verilsə, cavab verməyə söz tapa bilmərəm. Sanki öz övladımdan ayrı qalmışdım. Yuxularımda ancaq efirə qaçırdım, amma çata bilmirdim.

Etiraf edim ki, müxtəlif səbəblərdən bir neçə dəfə işə qayıdıb-çıxmalarım oldu. Amma bir fikrim, qərarım heç vaxt dəyişmədi. Yaxşı ki, həmişə də Naxçıvan Dövlət Teleradiosunu və kollektivini seçdim. Bura ən dəyərlilərimin məkanıdır. Başqa iş yoldaşlarım üçün bilmirəm, amma mənim üçün ikinci ailədir bu kollektiv. Hər uğuruna sevinən, kədərinə üzülən, düşünmədən ən böyük fədakarlıqları göstərən işçilər. Bir olan, birlik olanlar. Fikrimcə, dünyanın ən çətin peşəsidir jurnalist olmaq. Daim əhval-ruhiyyən nikbin, üzün gülər, qələmin iti, kamera və mikrofonunsa açıq olmalıdır. Birdə şirin dilin olsa bəs edər. Qarşılaşdığın hər müsahiblə xoş danışmaq və davranmaq üçün. Ən öndə isə məsuliyyət, cəldlik, güclü yaddaş, iş sevgisi, fədakarlıq gəlir.

Yağışa, qara, günəşə baxmadan hazırlayacağın reportaj bütün zəhmətinin bəhrəsidir. Həyatını fəda edirsən bu peşəyə. Gününü, ayını, illərini. Amma tək bir uğurunla unudulur işlə bağlı çətinliklər. Çətini belə zövq verir insana bu işin. Ürəyim artıq 9 ildir xəbər üçün titrəyir. Çünki xəbər özümü tapdığım televiziya janrıdır. Xəbər məni mən edəndir. Xəbər mənim sevgim, vəfam, fədamdır. Xəbər mənim vərdişim, bir sözlə “xəstəliyimdir”. Naxçıvan Dövlət radiosu "Ata ocağım", Naxçıvan Dövlət televiziyası isə "Ana yurdum"dur.

Xanım Rüstəmzadə

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: