İqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı praktik məşğələ keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri üçün  iqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı növbəti praktik məşğələ keçirib. 

Naxçıvan Şəhər Gömrük İdarəsində təşkil olunan tədbirdə Komitənin İnnovasiya Mərkəzinin Ekspert Şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri, iqtisadi sahədə startap layihələrinin reallaşdırılması və muxtar respublikamızda ilk “Konüllü gömrükçü” dəstəsinin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, gömrük işinin müxtəlif sahələrinə dair praktik seminarların təşkili, gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq və keçirilən görüşlər tələbələr tərəfindən iqtisadi sahədə startapların hazırlanıb təqdim olunmasına, könüllülük fəaliyyətinin təşviqinə marağı artırır. Sevindirici haldır ki, artıq Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri iqtisadi sahədə bir neçə startap layihəsi üzərində işləri başa çatdırıb təqdim etməyə hazırlaşırlar. 

Tədbirdə qeyd olunub ki, gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, kargüzarlıq işinin avtomatlaşdırılması, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunması, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, elektron gömrük xidmətləri və Hədəf Mərkəzi gömrük xidmətində uğurla tətbiq olunan innovativ layihələrdir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşları ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi ildən-ilə daha da genişləndirilir, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artır. Bununla belə, gömrük sistemində yeni texnoloji innovasiya layihələrinin tətbiqi üçün geniş imkanlar və böyük potensial var.

Tədbirdə “Startap Naxçıvan” portalı barədə məlumat verilib və tələbələr Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” adlı filmə baxıblar.

Sonra Tələbələr texniki nəzarət vasitələrindən istifadə edib, yüklərin gömrük nəzarətindən keçirilməsi prosesini izləyiblər. Naxçıvan Şəhər Gömrük İdarəsinin rəsmiləşdirmə zalında gömrük təmsilçiliyinin fəaliyyəti, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və rəsmiləşdirilməsi prosesi ilə də tanış olublar. 

Məlumat verilib ki, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadənin nəticəsidir ki, gömrük sistemində bəyanetmə və rəsmiləşdirmə prosesi kağızsız texnologiya əsasında və minimum vaxt çərçivəsində həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinin və sərhədkeçmənin sürətləndirilməsi üçün gömrük orqanlarında Yaşıl dəhliz buraxılış sistemi tətbiq olunur. 

Sonda tələbələri maraqlandıran suallara cavab verilib.

Rahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: