Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoyub.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, bu barədə universitetdə keçirilən radio və televiziya işçilərinin peşə bayramına həsr olunmuş elmi-praktik konfransda danışılıb.
Konfransda çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov muxtar respublikada fəaliyyət göstərən televiziya və radioların fəaliyyətindən söz açıb. Jurnalist kadrların hazırlanmasında universitet televiziyasının fəaliyyətini önə çəkən prorektor bu ixtisas üzrə təhsil alan tələbələrin təcrübi dərslərinin keçirilməsində ali təhsil ocağının Media Mərkəzinin rolunu yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan Universitet televiziyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz edilib.
“Radionun dünəni və bu günü” adlı çıxışında Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Muxtar respublikada isə Radio Məlumat İdarəsi 1929-cu ildə yaradılsa da, müntəzəm verilişlərə 1931-ci ildən başlanılıb. Çıxışda 2006-cı il aprelin 27-dən fəaliyyət göstərən Universitet televiziyası, 2011-ci il iyulun 20-də fəaliyyətə başlayan “Nuhçıxan” radiosu haqqında da məlumat verilib.
Diqqətə çatdırılıb ki, yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarət olan radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün əsl formalaşma məktəbi olan “Nuhçıxan” radiosu universitetlə yanaşı, 10 kilometr ərazidə də yayımlanır.