Bu gün bayrağımın günüdür

A- A A+

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı Vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən,

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim

Bayraq öz yurduma, öz hakimliyim...

Bu, Bəxtiyar qələminin bayraq ucalığı, Vətən sevgisi, yurd harayıdır. Bu, Azərbaycan bayrağıdır!

Üçrəngli bayraq Azərbaycanın müstəqilliyini təcəssüm etdirən, hər kəsdə yüksək milli vətənpərvərlik duyğuları oyadan, şəninə şeirlər yazdıran, mahnılar bəstələdən əzəmət simvoldur.

Min illərin  o tayından süzülüb gələn, əsrlərin dövlətçilik atributudur bayrağım. Döyüşdən-döyüşə, vuruşdan-vuruşa at üzərində çiyinlərdə daşınan istiqlaliyyətimizin əbədiyyət sancağı həm də bizim and yerimizdir. O hara sancılıbsa kölgəsinə sığınmışıq, harda dalğalanıbsa dalğasına qürurlanmışıq, hara sancılıbsa o bir qarış torpağı belə Vətən bilmişik! Vənətimizin indiki sərhədlərindən çox-çox uzaqlarda belə onun nəfəsi gəlir. O, möhtəşəm bir türk tarixinin izini yaşadan Ay və Ulduzdu.

...20-ci əsrin əvvəlində Şərqdə ilk Demokratik Respublikanın səmasında  dalğalandı, öz ali məqamına yüksələrək milli birliyimizin rəmzinə çevrildi.  1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq olundu...  Türkçülüyü, müasirliyi və islamı qovuşdurdu.

Bir dəfə  ucaldı ki bir daha enməsin Vətəninin göylərindən.

1920-ci ilin aprelində qara buludlarla üz-üzə gəlsə də  1990-cı il noyabrın 17-də yenidən Naxçıvandan bütün Azərbaycan göylərinə ucaldı.

Bununla da 70 il xalqımızın qəlbində yaşayan   üçrəngli bayraq sevgisi yenidən alovlandı. Beləcə bu sevgi getdikcə böyüdü, vətənlə birlikdə ucaldı, Vətənlə birlikdə yaşadı.

İndi hər bir  Azərbaycan ailələrində və yeni doğulan xoşbəxt körpələr bu əbədiyyət simvolunun - bayrağımın bayraqdardır. Analar öz südü və laylası ilə bu sevgini öz körpələrinə ötürürlər. Milli ruh və nəfəslə böyüyən körpələr  bağçalarda, məktəblərdə də bu ruhda həyata hazırlanır.  Beləliklə,  əsl Azərbaycan övladı, əsl vətəndaş yetişir. Vətəninə, xalqına, gerbinə, himninə, bayrağına bağlı olan, öz bayrağı ilə məsud yaşayan vətəndaş.   

Bu gün - 9 noyabr Dövlət Bayrağı Günü hər birimizin günündür!!! 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin Azərbaycan Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncamı bu tarixi ürəyimizə və elə həm də tariximizə yazdı!

Bu gün milyonlar sənin şəninə şayandır! Səni sevən, səninlə olan hər kəs, sənə sevdalıdır. Sən bizimsən, biz sən olduğun üçün varıq. Sən torpağına “can” deyib, canından keçən oğulların amalısan! Sənin qanadında göylərə yüksələn, səninlə bərabər səmada fəxarətlə süzən şahinlərin ucalığısan! Uğurlu nəticələrin ünvanına ucalan idmançının qələbəsisən, çiynində gəzdirdiyi qələbə pardısan! Sən illərdir azadlıq üçün çırpınan, sinəsi sənin üçün göynəyən, sənin yolunu gözləyən  Şuşamızın həsrətisən!  Sənin üçün döyüşüb torpağına qarışan şəhidlərin yorğanısan! Sən hər bir Azərbaycanlının bütün dünyaya yayılan ayaq səsisən, Arazın nisgili, Xəzərin sevdası, Kürün həzinliyisən! Sən mənimsən! Sən onunsan! Sən bizimsən!

Sən zirvəsən! Sən yüksəldikcə, sənin kölgəndə  qürurlananların da sayı çoxalır! Sənin kölgən haradasa biz oradayıq! Sən zirvədən bizi  seyr etdiyin qədər, biz də səni zirvələrdə seyr edəndə qürur duyuruq! Çünki sənə zirvələr yaraşır, Azərbaycan bayrağı!

Sən bütün sözlərdən ucasan! Mənim sözüm və şeirimdən də:

Ən yüksək zirvənin fəth edicisi,

Ən ali məkanın nadir incisi,

Ən uca yerlərin ən qiymətlisi,

Sən oldun hər zaman,

                                Mənim bayrağım!

Dalğalan səsinə yer-göy titrəsin,

Vüqarlı görkəmin dünya bəzəsin.

Duruşun  uzaqdan düşməni əzsin,

Sənsən, arxam,dayağım, 

                             Mənim bayrağım.

Damarında türkün qanı axarkən,

Müasirlik timsalı səndə yaşarkən,

Qəlbində İslamın sevgisi varkən,

İşıqdır cahana ayın-ulduzun

Dalğalan, dalğalan fəxrim, vüqarım

Dalğalan, dalğalan

                            Mənim bayrağım!

Ramilə Rinadqızı

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: