Odlar yurdunun bayrağı 101 yaşında

A- A A+

Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Bayrağımızın tarixi əsrlər əvvələ söykənir. Qədim türk yurdu olan Azərbaycan torpağında  əsrlər boyu müxtəlif təsvirli bayraqlar dalğalanıb. Bu bayraqlar  Midiya, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər imperiyasının, eləcə də müxtəlif xanlıqlara məxsus idi. Həmin bayraqlar günümüzə qədər gəlib çatıb. 

1918-ci il  mayın 28-də  Şərqdə ilk demokratik respublika olan, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan dövlət bayrağı haqqında ilk qərar 1918-ci il iyunun 24-də verilsə də, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə üçrəngli bayrağımız rəsmi olaraq qəbul edildi.  Qərara əsasən,  qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkiz guşəli ulduz əks olundu. Dövlət bayrağımızın üzərində olan hər bir rəng və simvol özlərinə məxsus məna çalarına sahibdir. Göy rəng türk milli mədəniyyətini, qırmızı rəng müasir Avropa demokratiyasını, yaşıl rəng isə İslam sivilizasiyasını özündə canlandırır.  Ağ rəngli aypara türk dünyasının bilgisinə, səkkiz guşəli ulduz 8 türk dövlətinin mövcudluğuna nişanədir. O zaman Azərbaycan göylərində ucalan bayrağı görən və ondan ilham alan Cəfər Cabbarlı yazırdı:

Şu ay, yıldız boyaların qurultayı nə demək?!
Bizcə, böylə söyləmək:
Şu göy boya, göy Moğoldan qalmış bir türk nişanı, bir türk oğlu olmalı.
Yaşıl boya, İslamlığın sarsılmayan imanı ürəklərə dolmalı.
Şu al boya, azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı. Səkkizuclu şu yıldız da səkkiz həlli od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş gibi səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı yurdumuzu qucmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı ildə noyabrın 17-də  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırıldı. 

Milli bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Onu canımız, qanımız bahasına qorumaq hər birimizin borcudur:

Bayraq bizim üçün şərəf deməkdir,
Bayraq bizim üçün mənlik deməkdir.
Ey mavi göylərin al, mavi, yaşıl süsü,
Bacımın gəlinliyi, şəhidimin son örtüsü.
İşıl-işıl dalğa-dalğa bayrağım, sənin dastanını oxudum, sənin dastanını yazacağım.
Səni salamlamadan uçan quşun yuvasını dağıdacağım.
Sənə mənim gözümlə baxmayanın məzarını qazacağım.

Bayraq, milli mənsubiyyətimizi göstərən dəyərli atributlardandır. Ümummilli liderimiz Heydər Əliyevin qiymətləndirdiyi kimi, milli mənsubiyyətimiz qürur mənbəyimizdir.

Savaş bizi qarlı dağlara götürdüyü gün,
Qızılında isindik, dağlardan çöllərə düşdüyümüz gün, kölgənə sığındıq,
Ey, şimdi süzgün, rüzgarlarda dalğalı,
Barışın göyərçini, müharibə qartalı,
Yüksək yerlərdə açan çiçəyim
Tarixim, şərəfim, hər şeyim,
Yer üzündə yer bəyən,
Hara dikilmək istəyirsənsə, söylə səni ora dikəyim.

Bu gün Odlar yurdunun bayrağı 101 yaşındadır! Bir kərə yüksələn bayraq, bir daha enməz, enməz, enməz! Bayrağımız heç vaxt zirvələrdən enməsin! Bayraq Günümüz Mübarək!

Təbrizə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: