NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb. O, yaşayış binalarının və mənzillərin qanunvericiliyə uyğun olaraq icbari qaydada sığortalanması üçün maarifləndirmə işlərinin genişləndirildiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, Naxçıvan şəhərində sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində cari ilin 10 ayında 16 min 920 sığorta müqaviləsi bağlanılıb. Onlardan 3 min 186 müqavilə avtonəqliyyat vasitəsi sahiblərinini mülki məsuliyyətinin icbari sığortası, 6 min 152 müqavilə isə daşınmaz əmlakın icbari sığortası üzrə olub.
Tədbirin sonunda sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində aid təşkilatlara müvafiq tapşırıqlar verilib.
Əbülfəz Dünyamalıyev