Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan”  Əlahiddə Əməliyyat Briqadasında xidmətə yeni qəbul edilmiş əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Mərasimə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun  təbrikləri şəxsi heyətə çatdırılıb. Təbrikdə hər bir əsgərin Vətənə şərəflə xidmət edəcəyinə, Azərbaycan Respublikasının qanunlarına, hərbi anda və nizamnamələrin tələblərinə ciddi riayət edəcəyinə, eləcə də yüksək döyüş hazırlığına və möhkəm nizam-intizama malik olacaqlarına əminlik ifadə olunub.

Mərasimdə briqada komandiri, general-mayor Səlim Niftəliyev qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi baza təkmilləşdirilib. İntizamlı vətən müdafiəçisi olmaq üçün hər bir əsgər üzərinə düşən vəzifələri  yerinə yetirməli, silah və texnikanın  sirlərinə dərindən yiyələnməli, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalı, komandirləri tərəfindən öyrədilənləri dərindən mənimsəməlidir.

Tədbirdə digər çıxış edənlər, hərbi andiçmə münasibətilə əsgərləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıblar.

Mərasimdən sonra əsgərlərin valideynləri ilə görüşləri təşkil edilib və hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub. Şəxsi heyətin məişət şəraiti ilə tanış olan valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.

                                                    

                                                Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: