Karikatura rəssamlıq sənətinin ən qədim növlərindən biridir. Qrafika sənətinin bu növü təsviri sənətin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçib. Hələ Qədim Şərqin sivilizasiya məkanlarında, xüsusilə qədim Misirdə papiruslar üzərində karikaturaların rəsm edildiyi məlumdur. Bizim eradan 1200 il əvvəllərə aid olan bu nümunələrin müəllifini müəyyən etmək mümkün olmasa da həmin karikaturalar qədim Misirin tarixi ilə bağlı bir çox fakt və hadisələrə diqqəti çəkmək baxımından əhəmiyyətli mənbələrdir. Sonralar qədim Yunanıstanda karikatura janrı, ümumiyyətlə rəssamlıq sənəti yüksək səviyyəyə çatıb.
Azərbaycanda karikatura janrı indiyədək istər sənətşünaslıq elmində, istərsə də nəzəri jurnalistikada demək olar ki, öyrənilməyib. Amma o da faktdır ki, hələ ötən əsrin əvvəllərində professional səviyyədə mətbu nəşrlərimizin səhifələrində ilk və həqiqi sənət nümunələri olan karikatura janrı formalaşıb. Qabaqcıl ideyaları yaymaqla türk dünyası və islam Şərqində geniş şöhrət qazanmış “Molla Nəsrəddin” jurnalı təkcə fəal oxucuları və könüllü müxbir-əməkdaşları ilə deyil, böyük bir rəssamlıq məktəbinin - karikatura rəssamlığımızın əsasını qoyub.
Karikatura cəmiyyətin siyasi, ictimai fikrinin, mənəvi dünyasının, psixologiyasının qrafika sənəti ilə əks olunmasıdır. Bu sənət növündə həyat eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili aləminin çirkinliklərinin üzə çıxarılması və onun islahı yolunda səy göstərmək istəyi başlıca tələblərdir.
Karikatura yalnız tənqid və ironiya vasitəsi deyil. Bu sənət növü zamanın, dövrün güzgüsüdür, cəmiyyətdəki bütün dəyişikliklərə diqqətlə, həssaslıqla münasibət göstərməkdir. Karikatura rəssamlıq sənətinin çox əhəmiyyətli janrı kimi insanlar arasında qarşılıqlı əlaqələrə, siyasi hadisələrə kəskin reaksiya nümayiş etdirə bilməkdir, bu qarşılıqlı əlaqələri, hadisələri öyrənməyin çox mənalı, əhəmiyyətli mənbəyidir.
Geniş mənada karikatura anlayışı altında məqsədli şəkildə komik effektin yaradılması durur. Bu zaman rəssam reallıqla fantastikanın birliyini, üzvü əlaqəsini yaratmaqla insanın spesifik əlamət və keyfiyyətlərini şişirtmək, daha da artırıb qüvvətləndirməklə ifadə etməyə çalışır. Bu prosesdə gözlənilməz müqayisələrdən istifadə etmək, insanı ətraf gerçəklilklə qarşılıqlı münasibət və əlaqələrdən təcrid edib onu dəyişmiş şəraitdə göstərmək də zəruri yaradıcılıq priyomlarından hesab olunur. Bu mənada Oskar Şmerlinqin “Molla Nəsrəddin” jurnalının birinci səhifəsində xalq müdrükinin kamil obrazının yaradılması maraqlıdır.
Oskar Şmerlinqin böyük sənətkarlıqla yaratdığı Molla Nəsrəddin obrazı jurnal vasitəsilə Azərbaycanda və Orta Asiyada, İranda və Türkiyədə, Qafqazda, hətta Avropa ölkələrində geniş yayıldı və qəbul olundu. XX əsrin əvvəllərindən indiyədək müxtəlif ölkələrdə çap olunan kitablarda Şmerlinqin yaratdığı Molla Nəsrəddin obrazında istifadə olunur.
Təsviri sənətin məxsusi janrı kimi karikaturanın özünəməxsus keyfiyyətlərindən biri də satirik təsviri formaya malik olmasıdır. Belə bir satirik forma izlənilən ideyanin sosial-tənqidi istiqamətini şərtləndirir. Buna uyğun olaraq siyasi karikaturalar müəyyən konkret məzmuna malik mətnlərlə ifadə olunur. Bu mətnlər karikaturanın məzmunun, burada əks olunan hadisənin açılmasına xidmət edir, məqsəddən asılı olaraq rəsmdə şişirdilmiş, mürəkkəbləşdirilmiş, təhrif olunmuş hadisə - “lövhə”nin daha aydın, konkret, dəqiq şəkildə təsəvvür edilməsinə, mənimsənilməsinə köməklik göstərir.
Karikatura ədəbi yaradıcılıq və təsviri incəsənətin unikal sintezidir. Karikaturada bədii, kütləvi mətbu vasitələrlə qrafika sənəti uzlaşaraq siyasi, ictimai, mənəvi problemlərin acı gülüş, istehza, kinayə yolu ilə islahı əsas yer tutur. Burada müəllif ssenarist, rejissor, quruluşçu-tərtibatçı, aktyor, rəssam, həmçinin öz fikirlərini müxtəlif texniki təsvirlərlə ifadə edə bilən yaradıcı nümayiş etdirir. Yeni ideyaların ictimai şüurda əks–səda doğurması, hadisələrə sürətli və çevik reaksiyanın verilməsi, zamanında hadisələrin satirik təsvirinin çəkilməsi və s. bu kimi cəhətlər karikatura rəssamını digər yaradıcı şəxslərdən fərqləndirir.
Karikatura sənəti, necə deyərlər, ictimaiyyətin diqqətini özünə tərəf çəkməyi “bacarır”, təkcə əqləyönəlikliyi ilə deyil, insanın estetik tərbiyəsi işinə də güclü təsir qüvvəsinə malikdir. Karikatura insanların yumor hissinin formalaşmasına, komik effektin yaranmasına da əsaslı təsir göstərir.
Qeyd edək ki, komik effektə nail olmaq üçün zəruri şəraitin yardılması məqsədilə aşağıdakılara diqqət yetirmək lazımdır:
-ekstralinqvistik (mədəniyyət, ədəbiyyat, sosiallar biliklər, müxtəlif elm sahələri üzrə biliklər);
-siyasi (siyasi hadisələr üzrə biliklər, siyasi personal (heyət), partiya və onların rəmzləri üzrə biliklər);
-məntiqi (hadisələr arasında təbii əlaqə və münasibətlər, şərhlər arasında məntiqi əlaqənin yaradılması, əsərlər və onlardan yaranan fikirlərin kommunikativliyi);
-linqvistik ( dil haqqında biliklər, dilin xüsusiyyətləri, qrafik biliklər və yüksək seqmentə malik vasitələr).
Bir əhəmiyyətli ola biləcək cəhətdə var. Güman etmək olar ki, karikatura janrında çəkilmiş əsərlərdə faciə motivləri ola bilməz: karikatura gülüş, ironiya, eyhamların təzahürü kimi meydana çıxan təsviri sənət janrıdır. Lakin, istər müasir karikatura ustalarının yaradıcılığında, istərsə də keçilmiş tarixi yolun karikatura sənətində nəinki faciə ünsürlərindən, hətta faciə növündən bəhs edən tədqiqatçılara haqq qazandırmaq mümkündür. Karikatura sənətinin faciə növü insanın fikir və duyğularının yaşadığı zamanla, mühitlə uyğun gəlməməsi, cəmiyyətdaxili bərabərsizliyin doğurduğu fəsadlara görə acı nəticələrin yaranması, real dünyada idealın məhvi kimi ülvi məqsədlərin fırça sənətində təsviri və təcəssümüdür. Fikrimizcə, Oskar Şmerlinqin yaratdığı Molla Nəsrəddin obrazı komizmlə faciənin üzvü birliyini əks etdirir. Burada Molla Nəsrəddin xalq müdrikliyini və gülüşünü əks etdirməklə qalmır. O həm də böyük Mirzə Cəlilin satirik gülüşünü, acı fəryadlarını, xalqın faciələrlə dolu həyatını, məzhəkələrlə dolu məişətini əks etdirən bir obrazdır.
Karikaturadakı komik vəziyyətin, ifadə edilmiş ideyanın açılmasında şəkilaltı sözlər də böyük əhəmiyyətə malikdir. Karikaturadakı fikri, ideyanı aydın və konkret şəkildə çatdırmaq üçün şəkilaltı sözlər müəllifin öz sözləri kimi, dialoq və həmçinin satirik hədəfə çevrilmiş şəxsin monoloqu şəklində verilə bilər. Bu şəkilaltı sözlər ya müəllif tərəfindən düşünülüb tapılır, yaxud digər məxəz və mənbələrdən alınır ki, bu da karikaturadakı mətləbin açılması işinə əsaslı dərəcədə təsir göstərə bilir. Sözsüz karikaturalar da geniş yayılıb.
Karikatura satiranın şəkil variantı və ya forması hesab edilə bilər. İnkişafa, tərəqqiyə sədd çəkən köhnəlmiş düşüncənin, adət-ənənələrin, mənəviyyatdakı eybəcərliklərin tənqidi karikatura sənəti üçün əzəli-əbədi mövzudur.Forma və ifadə vasitələrinə görə hər hansı bir xalqın mədəniyyəti üçün unikal hadisədir.
Karikatura istedad,qabiliyyət, zəhmətkeşlik və həssaslıq tələb edən sənətdir. Əlbəttə ki, bu deyilənlər birləşəndə yaranan əsər həqiqətən sənət əsəridir. Və həqiqi sənət əsərlərikimi karikaturalar həmişə yaşayacaq, xatırlanacaq, illər ötüşsədə, rüzgarlar dönsə də bu sənət əsrləri solmaz, əbədiyaşar olaçaq.
Cavid İsmayılov
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi,
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı