Uşaqların ailə tərbiyəsində atalar sözlərinin rolu və əhəmiyyəti

A- A A+

Bəşər cəmiyyəti mövcud olduğu gündən indiyədək ailədə uşaq tərbiyəsi ən aktual problemlərdən biri olub. Uşaq böyütmək, tərbiyə etmək həm çətin, həm də məsuliyyətli bir işdir. Çünki uşaq tərbiyəsində əxlaqi keyfiyyətlərin formalaşması məhz ailədən başlayır. İlk həyati biliklər də ailədə qazanılır.

Xalq arasında söylənmiş məsəllər və atalar sözləri vardır ki, bunlar öz nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edərək ailələri müəyyən bir istiqamətə-uşaq tərbiyəsində “düzgün yol almaq” ideyasına doğru aparır. “Ağacı yaş olanda əyərlər, adamı uşaq vaxtı tərbiyə edərlər”, “Uşağı əmizdirəndə öyrətməmisənsə, o səni yedizdirəndə artıq öyrədə bilməzsən”, “Yaş çubuğu istəsən hər şəklə salarsan” və s. Dərin məna kəsb edən bu atalar sözlərində böyük bir həqiqət vardır. Çünki uşağın əxlaqi siması onun ilk gündən necə tərbiyə olunması nəticəsində formalaşır. Belə bir rəvayət vardır ki, ana uşağını düzgün tərbiyə etməklə bağlı bir aqilə müraciət edir. Aqil uşağın neçə günlük olduğunu soruşur. Ana körpənin üç günlük olduğunu deyir. Aqil cavab verir: “Siz artıq üç gün gecikmisiniz. Uşağı anadan olan gündən tərbiyə etmək lazımdır”.

Ailəni ailə kimi formalaşdıran uşaqlardır. Uşaqlar ailəyə sevinc, xoşbəxtlik gətirər. Uşaqlar olmayan ailədə xoşbəxtlik, ruzi-bərəkət olmaz. Atalar sözlərində deyildiyi kimi “Uşaq evin bəzəyidir”, “Uşaqsız ev susuz dəyirman kimidir”, “Uşaqlar həyatın çiçəkləridir”, “Uşaqsız ev qonaqsız süfrə kimidir” və s. Atalar sözlərində çatdırıldığı kimi uşaq ailənin xoşbəxtliyi və ümididir.

Lakin buna baxmayaraq, ailədə uşaq tərbiyə etmək o qədər də asan deyil. Müasir dövrdə valideyn olmaq, uşaq tərbiyə etmək atadan da, anadan da böyük məsuliyyət, gərgin əmək, həyat təcrübəsi, səbir və bilik, dözüm və pedaqoji axtarışlar tələb edir.

Tərbiyə uşaq üçün ən qiymətli sərvət, ata-ananın övladlarına verdiyi ən dəyərli mirasdır. “Uşaq yıxıla-yıxıla böyüyər”, “Ananın canı övladdadır”, “Ana bala ucundan canını oda yaxar”, “Uşaq evdə böyüyər, balıq göldə”, “Uşaqlar yeyəndən sonra, böyüklər yatandan sonra sağlam olar” və s. Bu kimi atalar sözlərindən də məlum olur ki, uşaqların sağlam böyüməsi üçün isti ocaq, normal yuxu, ata-ana qayğısı və məsuliyyəti vacibdir. Ata-ana qayğısı, diqqəti və ehtiramı uşağı inkişaf etdirməklə bərabər, həm də gələcəkdə uşağın mehriban, rəhmdil olmasına köməklik edir. Ana ülvi hisslərin dili ilə danışaraq öz körpəsinə sevgisini, istəyini aşılayır. Ata-ana məhəbbətini heç nə ilə əvəzləmək mümkün deyildir. Uşağa hər şeydən əvvəl valideyn məhəbbəti gərəkdir.

“Anadan əziz yenə anadır”, “Analı quzu-xınalı quzu”, “Ana uşağa aş gətirər, analıq yaş gətirər”, “Uşağı yemək böyütməz, fərəh böyüdər”, “Min xala yığılsa da bir ananı əvəz edə bilməz”, “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər”, “Ata oğlunun pisliyini istəməz”, “Atasız uşaq damsız ev” və s. verilmiş atalar sözlərindən aydın duyulur ki, ata-ana məhəbbətini, sevgisini heç kəs uşağa verə bilməz. Çünki valideynlərdə Allahın verdiyi əbədi övlad sevgisi, övlad məhəbbəti vardır. Uşağın bütün sonrakı həyatında da bu sevginin izləri həmişə duyulur.

“Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir”, “Ananın ərköyün oğlu hambal olar”, “Zəhmət çəkməyən rahatlığın qədrini bilməz”, “İnsan çətinlikləri yıxıla-yıxıla öyrənir”, “Qızını döyməyən dizini döyər” və s. kimi atalar sözlərindən belə nəticəyə gələ bilərik ki, valideynlər nəvaziş və qayğıda həddi gözləməli, yersiz təriflərə yol verməməlidirlər. Çünki, valideynlər uşaqları böyüdən ilk, əsl tərbiyəçilərdir. Onlar uşaqları dünyaya göz açdığı gündən müstəqil həyata alışdırmalı və cəmiyyətə layiqli vətəndaşlar, şəxsiyyətlər kimi yetişdirməlidirlər.

Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması acınacaqlı bir haldır. Valideynlər uşaqlarını əməkdən ayrı tutmaqla onlara yaxşılıq etdiklərini düşünürlər. Halbuki, valideynlər öz əməksevərliyi ilə uşaqlarına və ətrafdakı  gənc nəslə örnək olmalıdırlar.

“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əməksiz yemək olmaz”, “Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayandır”, “İşləyən inci taxar, işləməyən yandan baxar”, “Zəhmət çəkməyən bal yeməz”, “Zəhmət çəkməyən əkinçinin qədrini bilməz” və s. kimi atalar sözlərində bildirilir ki, valideynlər yalnız əmək sayəsində övladlarında yüksək nəcib insanı keyfiyyətlər formalaşdıra bilərlər. Valideynlər gələcəyin zəhmətkeş insanlarını yetişdirməklə, övladlarında şəxsi əməyə məhəbbət hissi oyadarlar.

Valideynlər övladlarını əməyə məhəbbət ruhunda tərbiyə etməli, gələcək həyata hazırlamalı, həyatın çətinliklərinə, sınaqlarına alışdırmalıdırlar. İlk gündən uşaqları düzgün tərbiyə etməklə onlarda təmiz etiqad, təmiz əxlaq, yüksək mədəniyyət, yalan söyləməkdən uzaq olmaq, yaxşı dostlar qazanmaq, səbirli, təmkinli, təvazökar, yumşaq təbiətli olmaq və bu kimi müsbət keyfiyyətləri yaratmaq lazımdır. O valideyn xoşbəxtdir ki, övladını vətəninə, xalqına, dövlətinə xeyirli vətəndaş kimi böyüdüb və tərbiyə edib. 

 

Tahirə Hüseynova

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: