Ağbulaq İstirahət Mərkəzi xarici turistlərin sevimli məkanına çevrilib

A- A A+

Müasir Naxçıvanın kəndlərində yaradılmış unikal şərait-rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradıb. Bu baxımdan başıqarlı uca dağlarla əhatə olunmuş dilbər guşələrimizdən olan Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzini xüsusilə qeyd etmək lazımdır. 2013-cü ildən İstirahət Mərkəzi kimi fəaliyyətə başlayan  mərkəz  kənddə turizmin inkişafına böyük təkan olub. Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikanın  kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Ötən illərdə Ağbulaq kəndində Xizək Mərkəzinin yaradılması üçün təməlatma tədbirinin keçirilməsi burada yay turizmi ilə yanaşı, qış turizminin də əlverişli olduğunun göstəricisidir.

Kənddə həmçinin qonaqlar üçün hər cür şəraitlə təmin olunmuş hostellər də var. Kim istəsə, gəlib bu hostellərdə yaşaya və ya istirahət edə bilər. Belə turistlərdən biri də Rusiya vətəndaşı Lapin Andrey Vladimiroviçdir.    Şahbuzun təbiətinə heyran olan turist deyir ki, buradakı bənzərsiz təbiəti və onun qoynundakı istirahəti canlı olaraq görmək, duymaq tam başqadır. Məhz bu anda insan anlayır ki, təbiət ona nələr bəxş etməyib. Burada istirahət edərkən aldığım xoş təəssüratlar hesabına əminəm ki, hər il istirahətimi bu bölgəyə salacağam. Burada gördüklərimi isə öz ölkəmizə gedərkən yaxınlarımla paylaşacağam. İnanıram ki, bu füsunkar bölgə haqqında yaxınlarıma danışsam, onlarda qiyabi də olsa, təəssürat yarada biləcəyəm. Və onlara da tövsiyə edəcəyəm ki, istirahət bölgələri seçən zaman Naxçıvan diyarını və Şahbuz rayonunun Ağbulaq kəndini seçsinlər. 

Yolunu Ağbulağa salan turistlərdən biri də Fransa vətəndaşı olan Ratel Arnaut Ainedir. O, deyir ki, mən hər il bir dəfə istirahət etmək üçün Naxçıvana gəlirəm və hər gəlişimdə də gözəl istirahət məkanı olan Ağbulağa mütləq üz tuturam. Ağbulaq turizm baxımından böyük imkanlara malik regionlardan biridir. Buranın təbiətinə, dağlarına, meşələrinə, bulaqlarına söz ola bilməz. Bura şəhərin gərgin ritmindən ayrılıb sakit və rahat dincəlmək üçün əla məkandır. Çox əminliklə deyə bilərəm ki, bu qədim yurd yeri buraya gələn yüzlərlə bizim kimi turistlərin yaddaşına təbii gözəllikləri ilə əbədi həkk olunur.

                   “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: