Möcüzəvi bitki olan zirincin faydaları

A- A A+

Təbabət elmi hələ qədim zamanlardan zirincin möcüzəvi bitki olduğunu təsdiqləyib və Çində 700  ildən çoxdur ki, müxtəlif xəstəliklərin müalicəsində zirincin faydasını görən həkimlər bütün dünyanın diqqətini bu bitkiyə çəkiblər.

Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq, Kükü, Nursu, Badamlı kəndlərində yabanı halda geniş  şəkildə yayılıb. Kökündən meyvəsinə qədər bir çox vitamin və minerallarla zəngin olan bu qiymətli giləmeyvəni toplamaq üçün bir payız günü yolumu  elə bu bitkinin daha çox yayıldığı, doğma kəndim olan Güney Qışlaq kəndinə saldım. Kənd sakini Sədaqət Quliyeva deyir ki, zirinc Allahın insanlara bəxş etdiyi müalicəvi bir nemətdir. Biz kənd adamları bir çox xəstəliklərin müalicəsi üçün zirincdən istifadə edirik. Haqqında bəhs etdiyimiz giləmeyvə iki-üç metr hündürlükdə qol-budaqlı kol bitkisidir. May-iyun aylarına təsadüf edən çiçəyi açıq-sarı rəngli olur və noyabr-dekabr aylarında isə meyvələri yetişir. Bəzən də dekabr ayının sonuna kimi kolda qalır. Meyvəsi çox  turşdur və içərisində uzunsov acıq-sarı rəngə çalan çəyirdəyi var. Kəndimizin dağlarında onun iki növü-ağ və qırmızı növləri geniş yayılıb.

Turş dadı olsa da, çox faydalı olan bu giləmeyvəni yalnız tam dəymiş halda toplamaq və istifadə etmək lazımdır. Onu da deyim ki, yetişməmiş zirinc çox zəhərli təsirə malik olur. Milli mətbəximizdə zirincdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Ondan həmçinin dadlı mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır.

Bəzi bölgələrimizdə ondan plovların bişirilməsi zamanı istifadə olunur.  Küftə və kələm dolması kimi dadlı-tamlı xörəkləri zirincsiz təsəvvür etmək olmaz. Ta qədimdən dağ kəndlərində çaşır turşusunun küpələrinə zirinc yarpaqları da qoyardılar.

Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur. Müalicəvi xüsusiyyətlərinə gəldikdə onun orqanizmə güclü müalicəvi təsiri var. Xalq təbabətində ondan qanı təmizləmək üçün istifadə edirlər. Kökündən, gövdəsindən və meyvələrindən qanaxma, iltihab əleyhinə istifadə edilir. Həmçinin zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanın qarşısını da alır. Soyuqdəymə xəstəlikləri zamanı  geniş istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var. Qaraciyər xəstəlikləri zamanı da zirincin faydası dilə gəlməyəcək qədər böyükdür.

Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Ondan dəmlənən çay öd daşı xəstəliyi, sarılıq zamanı geniş istifadə olunur.

Şahbuz ərazisində zirincin kökündən hazırlanan çaylar böyrəkdəki daşların tökülməsində istifadə edilir.

Meyvənin çox dadlı qurusu da olur. Onu 40-50 dərəcə temperaturda qurutmaq lazımdır. Onu da deyim ki, yaxşı qurudulmuş meyvələri 3 il müddətində saxlamaq mümkündür. Zirincin qurusundan dolma, küftə kimi dadlı ət yeməklərində daha çox istifadə edilir.

Deyirlər ki, zirinc həm də  balverən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı-sarı olur və dadı ilə fərqlənir.

 

          Turanə Baxşəliyeva

“Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: