Qanlıgöl bəndi Şahbuz rayonunun Kükü kəndindən şimalda, Keçəldağın ətəyində yerləşən tarix-memarlıq abidəsidir. El arasında “Qanlıgöl” adlanan su anbarının qarşısında inşa edilən abidə Küküçayın hövzəsində, Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilib, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularına davam gətirməyərək dağılıb. XIX yüzilliyin ortalarında Naxçıvanda qəza rəisi işləyən A. P. Şahingirey burada bənd tikdirib. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dillərində həkk edilən kitabədə öz əksini tapıb. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşib.
Qanlıgölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan xanı II Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilib. İrihəcmli cay daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bəndin divarları iki yarıdairəvi kontrforsla möhkəmləndirilib. Bənd vasitəsilə yaradılan gölün sahəsi 10,2 hektar, uzunluğu 460 metr, maksimal eni 222 metr, sahil xəttinin uzunluğu 1430 metr, həcmi 1,2 milyon kubmetrdir. Gölün suyundan Şahbuz rayonunun kəndlərinin əkin sahələrinin və yaylaqlarda otarılan mal-qaranın suvarılması üçün istifadə edilir.
“Oğuz səsi” qəzeti