Havaların soyuması bir çox xəstəliklərə səbəb olur

A- A A+

Artıq isti, günəşli günlərə “əlvida” deyərək yola salmışıq. Payızın, qarlı qışın bizə özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhətimzdə soyuq havaların təsiri ilə yaranan xəstəliklərdir. İlin bu dövründə səhətimizdə baş verə biləcək xəstəliklər və xoşagəlməz hallarla qarşılaşmamaq, yaxud da bu cür xəstəliklərdən özümüzü qorumaq üçün nələrə diqqət etməliyik, nələrdən qaçmalıyıq? Bəli, bu kimi suallar bu dövrdə bizi daha çox düşünməyə vadar edən başlıca səbəblərdəndir...

Sağlam həyat sürmək və xəstəliklərədən yaxa qurtarmaq  heç də dildə səslənən qədər asan deyil. Xüsusilə də havaların soyuması ilə müşayiət olunan soyuq hava şəraitinin müşahidə edildiyi bir dövrdə sağlamlığımızla bağlı bir çox hallarda çətinliklərimiz olur. Bəs soyuq hava şəraitinin müşahidə olunduğu bir dövrdə biz nələr edə bilərik ki, xəstəliklərdən özümüzü sığortalayaq və yaxud da mümkündürmü ki, səhətimizi xoşagəlməz hallardan qoruyaq? Mütəxəssislərin fikrinə görə, soyuq havaların müşahidə olunması, əlbəttə, özü ilə birlikdə bir çox xəstəliklərin meydana çıxmasına şərait yaradır. Xüsusilə də soyuq hava şəraitində infeksion xəstəliklər insanlar arasında tez-tez müşahidə edilir. Havada çirklənmənin artması, ictimai yerlərdə uzun müddətli olmaq, nümunə olaraq məktəblərdə şagirdlərin sıx ünsiyyəti onlar arasında bu kimi xəstəliklərin meydana çıxmasında başlıca səbəb kimi qiymətləndirilə bilər.

Həkim İntiqam Əbilov qeyd edir ki, Kəngərli rayonunda son dövrlərdə qrip və soyuqdəymə kimi xəstəliklərin artması da məhz havaların soyuması ilə əlaqədar ortaya çıxıb: Qrip və soyuqdəymə kimi xəstəliklər virus deyilən mikroblar vasitəsilə yoluxur və halsızlıq, burun tutulması və burundan su gəlməsi, həmçinin qarın ağrıları kimi özünü göstərir. Bakteriya deyilən mikrobların yoluxdurduğu xəstəliklər zamanı isə insanda şiddətli temperatur yüksəlməsi, boğaz ağrısı, səsin batması, davamlı öskürək və sair hallar yaşanır.

Qeyd edilən xəstəliklərdən özümüzü sığortalamaq və ya bu kimi xoşagəlməz hallardan qorunmaq müəyyən mənada mümkündür. Məsələn, yaxşı qidalanmaq, yəni bol vitaminli yeməklər, xüsusilə də meyvə-tərəvəz qəbul etmək, mütəmadi olaraq idmanla məşğul olmaq, soyuq hava şəraitinə uyğun geyinmək, hətta bəzi məqamlarda normal yuxu kimi amillər bizi bir çox xəstəliklərdən, ən əsası soyuqdəymə və infeksion xəstəliklərdən qoruyur.

İmmunitet çatışmamazlığı, bədən zəifliyi, yəni səhətə biganə münasibət göstərən şəxslər isə soyuq hava şəraitində xüsusilə daha tez-tez xəstəliklərlə qarşılaşırlar. Bunun üçün də çalışmaq lazımdır ki, öz səhətimizə diqqət yetirək, sağlam yaşamağı həyat  amalına çevirək.

Göründüyü kimi, soyuq hava şəraiti bizi bəzi xəstəliklərlə qarşı-qarşıya qoysa da, bu xəstəliklərlə bir çox hallarda mübarizə aparmaq, onlara yoluxmamaq mümkündür. Ümumiyyətlə, xəstəliklərdən uzaq olmaq, səhətimizdə xoşagəlməz hallarla rastlaşmamaq düzgün yaşamaqdan, vitaminli ərzaqlar qəbul etməkdən, mütəmadi olaraq idmanla məşğul olmaqdan və mövsümə uyğun geyinməkdən asılıdır. Belə isə hər kəs, hər birimiz bu istiqamətdə çalışmalıyıq ki, xəstəliklərdən qorunaq, sağlam ömür sürək.

          Anar Qasımov

“Yeni həyat” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: