Qazançı-müasirliyə qovuşan yurd yerimiz - FOTOLAR
Qazançı kəndi qoca tarixin canlı şahididir. Bu yurd yerinin hər sal daşı, hər sərt qayası bizə öz keçmişimizdən xəbər verir. Keçilməz sədlər, pozulmaz bəndlər, zirvə qalalar baş ucalığı, qəhrəmanlıq dastanıdır. Bu hikmətli aləmdən neçə-neçə dastan bağlamaq olar.
Rayon mərkəzindən 42 kilometr şimalda yerləşən bu yurd yerinin yaranma tarixi eramızdan əvvələ aid edilir. Dağətəyi zonada yerləşən kəndin adının Qazan tayfası ilə bağlı olması bu kəndin tarixinin daha qədimlərə gedib çıxdığına dəlalət edir. Qədim yurd yeri Qazançıda Qorqud atamızdan bəri ərənlərimiz at capıb, qılınc oynadıb, qələbə qazanıblar.
Qazançı kəndinin tarixə şahidlik edən Narın qalası Əlincəqala ilə üz-üzə dayanıb. Tariximizin qan yaddaşı olan Narın qala mağarasında eramızdan əvvəl III minilliyə aid qayaüstü rəsmlər var. Bu yerlərdə XV-XVI əsrin abidəsi olan Qazançı daş körpüsü də tarixə şahidlik edir. Əlincə çayının üzərində inşa olunmuş biraşırımlı daş körpü ustalarımız tərəfindən yonulmuş, hamarlanmış daşlardan tikilib. Bu körpü ölkəmiz ərazisindəki bir aşırımlı körpülərin ən yaxşı nümunələrindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2018-ci ildə Qazançı kəndində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar körpü də əsaslı şəkildə bərpa olunub, ona yeni ömür bəxş edilib.
Qazançı kəndi həm də bol məhsullu bağları ilə məşhurdur. Muxtar respublikamızda daxili bazarın meyvə ilə təmin olunmasında bu yerlərin təsərrüfat adamlarının zəhməti çoxdur. Alma, armud bağları, qollu budaqlı cəviz ağacları, qatarlaşan çinarlar kəndin gözoxşayan evlərini qoynuna almış özgə bir aləm yaradıb. Kəndin mərkəzində müasir memarlıq üslubunda üçmərtəbəli 216 yerlik məktəb binası kəndə xüsusi gözəllik bəxş edir. 2018-ci ildə müəllim və şagirdlərin ixtiyarına verilən bu təhsil ocağı və məktəbdə yaradılan şərait təhsilin yüksədilməsində xüsusi rol oynayır.
Qazancı kəndində hər qarışda gözəllik, hər addımda təkrarsızlıq insanı qoynuna alır, tilsimə salır. Göz işlədikcə uzanan təpələrdə, çay vadisində, dərələrdə bitən kəklikotu, nanə, solmazçiçəyi, dazotu, yarpız, qantəpər və sair otlar neçə-neçə dərdin dərmanıdır. Bu yerlərin dərman bitkiləri çox faydalıdır.
Qazançının dərələrində göz-göz qaynayan çeşmələri saymaqla qurtaran deyil. Berdik, Xanım bulağı, Sarı çeşmə, Komsöyüd kəhrizləri kənddə əhalinin içməli suya olan tələbatını ödəyir.
Qazançıda taxılçılığa daim diqqət yetirilir. Əsasən Dingidaş ərazisi Məzrə düzənliklərində əkilən taxıl zəmilərindən bol məhsul götürülür. Kəndin təsərrüfat adamları keçən təsərrüfat ilində 290 hektar taxıl əkini aparmış və taxıl zəmilərindən bol məhsul əldə ediblər.
Kəndin bərəkətli torpaqları taxılçılıq üçün çox münasibdir. Kəndimizdə aparılan abadlıq və quruculuq tədbirləri bizi daha yaxşı işləməyə ruhlandırır. Kəndimizin zəhmətkeş adamları əkinçiliklə yanaşı heyvandarlıqla da məşğul olurlar.
Çobancuxuru, At ağılı, Dağdağanlı, Berdik, Ballı dağ ərazisi heyvanların otlaması üçün daha münasibdir. Kəndin dağlarının gül-çiçəkli olması, arıçılığın inkişaf etdirilməsinə gözəl şərait yaradır. Bu yerlərin min bir çiçəyinin yüksək keyfiyyətli təmiz bal şirəsi, şah ətri harada olar? Buranın balı adla deyilib, keyfiyyəti ilə üstünlük təşkil edib.
Bu ürəkaçan gözəlliklər təkcə kəndin sakinlərini deyil, kəndə qonaq gələn hər kəsi heyran qoyur.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti